Qvatemaladakı cəngəlliklərdə mayya sivilizasiyasına aid 60 mindən artıq tikilinin qalıqları aşkarlanıb.
Milli.Az National Geographic-ə istinadən bildirir ki, alimlər sensasiyalı tapıntını optik lokator olan lidar texnologiyası vasitəsilə aşkarlayıblar. Lidar texnologiyası landşaftın aerofoto çəkilişlərindən sonra rəqəmsal formatda ağacların budaqlarını və yarpaqlarını "silməyə" imkan verir. Bu minvalla alimlər sıx ağacların altında evlərin, sarayların, yolların, terrasların və mürəkkəb irriqasiya sistemlərinin qalıqlarını üzə çıxarıblar.
"Şəkillərdə aydın görünür ki, bu bölgə indiyədək miqyası və əhalinin sıxlığı yetərincə dəyərəndirilməmiş yaşam məkanı olub", - ABŞ-dakı İtaka kollecinin əməkdaşı, arxeoloq Tomas Harrison deyib. O, arxeoloji tədqiqatlar zamanı rəqəmsal texnologiyalardan istifadədə ixtisaslaşıb.
Harrison Qvatemalada mayya irsinin tədqiqatı və mühafizəsi ilə məşğul olan PACUNAM fondunun təşəbbüsü ilə gerçəkləşdirilən layihənin iştirakçılarından biridlir. Bu layihə çərçivəsində alimlər Peten departamentindəki "Maya Biosphere Reserve" biosfer qoruğunun ərazisində 2100 kvadrat kilometri araşdırıblar.
Tuleyn Universitetinin professoru, arxeoloq Fransisko Estrada-Bellinin dediyinə görə, indiyədək mayyaların sayının maksimum 5 milyon nəfər olduğu güman edilirdi.
"Yeni nəticələr isə mayyaların sayının 10-15 milyon nəfər olduğunu güman etməyə imkan verir. Onların əksəriyyəti ovalıq və bataqlıq bölgələrdə yaşayıblar", - F.Estrada-Belli deyib.
Qədim mayyalar indiki Meksika, Beliz, Qvatemala, Salvador və Honduras ərazilərində yaşamışdılar.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin