Magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 2‑dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 3, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci il ildəndir.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 16-dan etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 24-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Bütün imtahan iştirakçılarına uğurlar arzu edirik.

Dünyanı heç belə görmədiniz -Hamı bu fotodan danışır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)