Əsas məsələ nədir?

Əsas məsələ nədir?
16:22 20 Aprel 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda demokratiya, söz azadlığı, vətəndaşların sərbəst toplaşma hüququ olmadığını deyənlər, müxalifətin bilərəkdən zəiflədildiyini söyləyənlər özlərini qəhrəman sayırlar. Onlar hakimiyyəti sərt tənqid etdiklərini, özlərininsə mətin və qətiyyətli mübariz olduqlarını deyirlər.

Deyirlər, amma belədirmi?

Ümumiyyətlə, Azərbaycanda hakimiyyətlə müxalifət arasında, iqtidarda siyasi müstəvinin əks tərəfində olanlar arasında münasibətlər necədir və ən başlıcası, niyə belədir?

Və son olaraq - Azərbaycandakı stabillik nədir, yaxşıdır, ya pis?!

Bu qəbildən olan suallar çoxdur. Onların hamısı cavablanmadıdır. Ki, hakimiyyətlə bu hakimiyyətə can atan qüvvələr arasındakı uçurumun siyasi, mənəviyyat, əqidə və s. fərqlərini bir daha anlaya bilək.

Zibillikdəki qum generalları

Braziliyalı yazıçı Jorji Amadunun 1937-ci ildə dərc olunmuş "Qum kapitanları" romanı əsasında amerikalı rejissor Holl Bartlettin 1971-ci ildə çəkdiyi "Qum karxanalarının generalları" ("The Sandpit Generals") adlı filmi var.

Film 102 dəqiqə davam edir - bu rəqəmi unutmayın.

Lent Braziliyada küçələri dolaşan, zibilxanalarda eşələnən, dilənən, oğurluq edən uşaqlardan və yeniyetmələrdən bəhs edir.

Bu insanların evi küçədir. Onlar tənhadır, qəzəblidir.

Təkbaşına məhv olmamaq üçün dəstələrdə birləşir, "qudurmuş" adlandırdıqları insanları - hansı ki, onlar normal adamlardır, sakit və rəvan həyat yaşayırlar - qarət edirlər. Belə dəstələrdən biri okean sahilindəki qum təpəliklərinə sığınıb.

Rio de Janeyro sakinləri o kəsləri "qum karxanalarının generalları" adlandırırlar.

Amma onlar qəlblərinin olduğunu deyirlər.

Sevmək və sevilmək istədiklərini söyləyirlər.

Cəsur, qorxmaz Dora həmin "generallar"dan kiminə ana, kiminə bacı olur.

Onlar birlikdə çox qarətlər edirlər və bilmirlər ki, "kommuna"larının sonuna az qalıb.

Azərbaycan müxalifəti, əfsuslar olsun, həmin "generallar"ı xatırladır.

Müxalifət liderləri olduqlarını israrla təkrarlayan və cəmiyyəti də buna inandırmağa çalışan AXCP, Milli Şura, Müsavat, NİDA, "Xalq" və s. təşkilatların liderləri isə bəhs etdiyim filmdə qumsallıqda özlərinə xəyallarında qurduqları aləmdə yaşayan Bulitlər, Böyük Conlar, Joanlar, Kanslerlər, Almiro və İezekillərdir.

Müxalifət liderləri, daha yaxşı işlərə sərf ediləcək inadla və müntəzəmlikdə Bakıdakı "Məhsul" stadionunda mitinqlər yapan kəslər xalqı sevdiklərini deyirlər.

Ola bilər, sevsinlər, mümkündür.

Amma xitab etdikləri xalq onları sevmir - tərəfdarları və sosial şəbəkələrdə onları dəstəkləyərək üzləşdikləri problemlərin ağrısını canından, uğursuzluğun tikanını ürəyindən müvəqqəti də olsa, çıxarmaq istəyən şəxslər istisna olmaqla.

Bu, müxalifətin bel bağladığı, üz tutduğu, ümid etdiyi cəmiyyətlə ideoloji güzəşt əldə edə bilməməsidir.

Halbuki siyasət qanunlarından biri də siyasətçi ilə vətəndaşın istəkləri arasındakı güzəştdir.

Güzəşt yeganə haldır ki, iki parçası tamından az olur. Hə, riyazi baxımdan mümkün deyil. Amma həyat riyaziyyat deyil axı.

AXCP, Milli Şura, Müsavat və bu sıradakı siyasi təşkilatların liderləri hələ də anlamırlar ki, tarixin zibilliyindədirlər.

Yox, həmin təşkilatların liderlərini zibil saymırıq, əsla. Belə fikrimiz də yox, çünki o şəxslər də vətəndaşlarımızdır və siyasi polemikada təhqirə varmaq yolverilməz işdi.

Yazmaq və demək istədiyimiz budur ki, həmin adamların məfkurələri, məqsədləri, siyasi kursları, ən nəhayət primitiv mübarizə ideologiyaları köhnəlib, nimdaşlaşıb, antipatiya yaradır.

Məhz bu səbəbdən bəhs olunan məqamların yeri tarixin zibilxanasıdır. Ki, elə oradadır.

"Tarixin zibilxanası" ifadəsinin müəllifi Lev Trotskidir. 1917-ci ilin oktyabrın 25-də Sovetlərin 2-ci Qurultayını tərk etmiş menşeviklərə xitabən "Biz onlara deyirik: siz yaramazlarsınız, rolunuz bitib. Layiq olduğunuz yerə, tarixin zibilxanasına gedin!"

ABŞ-ın mərhum prezidenti Ronald Reyqan 1982-ci ilin iyunun 8-də Britaniya parlamentinin İcmalar Palatasındakı çıxışında demişdi: "Azadlıqla demokratiya marksizm-leninizmi tarixin zibilxanasına atacaq".

Azərbaycanda müxalifət brendinə iddialı təşkilatlar da eynən menşeviklər və marksist-leninistlər kimi siyasətin müqəvvalarına çevriliblər.

Toz basmış, köhnə müqəvvanın yeri bəyən tarixin unutmaq istədiyi nəsnələr arasında deyilmi?!

Yerüstü həsədlərin yeraltı məntiqi

Son günlər Ermənistanda, daha doğrusu, İrəvanda yaşanan hadisələrlə bağlı ölkənin müxalifət kəsimindəki bir ara adamların az qala həsədlə, həsrətlə yazdıqları, ümumi ruhu "ermənilər bizdən demokratik ölkədə yaşayırlar" və "ermənilər qədər olmadıq" tipli açıqlamalar da "maraq"lıdır.

Ölkə müxalifətinə liderlik eşqində olanların nakam eşqindən bəhs edir bu Facebook statusları.

Ermənistandakı proseslərlə bağlı müxaliflərin həsədli bəyanatları və açıqlamaları əslində davranışın ümumi məcrasındakı prosesdir.

Di gəl, demokratiya fədailəri anlamırlar ki, ermənilərin etirazları, mitinqləri, yürüşləri barədə müqayisəli "təhlil"lər aparanlar xalqımızın səviyyəsinin aşağı olduğuna iddia edir, vətəndaşlarımızı sözün əsl mənasında təhqir edirlər.

Bilərəkdən, ya bilməyərəkdən - fərq etməz - belə bəyanatların, yazıların, açıqlamaların anlamı Azərbaycan xalqını bacarıqsız və qorxaq, itaətkar göstərməkdir.

Bu isə populizmin çox pis variantı, yaramaz izhar formasıdır.

Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və başqaları təəsüf doğuracaq səviyyədə müqayisələrə vararaq xalqımızın bir hissəsini mərd, cəsur, demokrat, digər hissəsini isə aciz, qorxaq, məzlum və totalitarizmə meylli göstərirlər.

Onlar fasiləsiz vurğulayırlar ki, xalqımız əzab çəkir, iztirabdadır, amma...

"Amma" sözünün açması həmin kəslərin təqdimatında odur ki, bütün bunlara rəğmən xalq küçələrə çıxmır, genişmiqyaslı etiraz aksiyaları keçirmir, qorxaq davranır, ən nəhayəti - inqilab, üsyan və ya çevriliş olmur.

AXCP sədri Əli Kərimlinin siyasi bloqerə döndüyü zamandan bəri Facebook-da paylaşdığı fotolara, videolara fikir verin, müraciətlərini bir daha dinləyin.

Adam hamını "Məhsul" stadionuna çağırır, mitinqlərə qatılanları tərifləyir, qatılmayanlar barədə isə təəssüflə danışır, onların "belə davranış"larını izah etməyə çalışır.

Yəni Arif Hacılı, Cəmil Həsənli, Arif Hacılı və onları uzaqdan dəstəkləyən Meydan TV, Sevinc Osmanqızı kimi siyasi oyun qaydalarına riayət etdiklərini göstərməyə çalışan, Orduxan Bəbirov və ya Tural Sadıqlı kimi siyasətin özünü oyun sayıb istədiklərini deyənlərədək ən geniş cameədəki təşkilatlar, insanlar və dəstələr bir sözü deyirlər - "Azərbaycan xalqı yaxşıdır, amma aktiv deyil, siyasi mübarizəyə başlamır".

Belə həsrətli, gözləntili messiclərin qayəsində xalqı idarə edənlərin pis olduğunu göstərməkdir.

Onları Azərbaycan hakimiyyətindəkilər maraqlandırmır: anarxosindikalizmdən "Ləşkəri Taibə"yə, buxarinçilikdən "Həyat Təhqir əl Şam"a qədər təcəlla edən ideologiyanın tələbi başqadır: "Hakimiyyət ümumiyyətlə, pisdir - çünki biz deyilik".

"Bənzərəm bir qocaman dağə ki, dəryada durar"

Xalqdan danışanlar beləcə, xalqı təhqir edir, cəmiyyətin əksəriyyətinin siyasi baxımdan bivec olduğunu vurğulayırlar.

Bəlalı və primitiv şüurun yaratdığı populizmin, bir daha təkrar edirik, ən pis formasıdır bu.

Gələk Azərbaycandakı stabillik və hakimiyyət-müxalifət məsələlərinə.

Analogiyalar yaxşı iş olmasa da, istənilən ölkədəki hakimiyyətlə müxaliflərin münasibətini elektrik cərəyanına bənzətmək olar. Cərəyana müqavimət qüvvəsi nə qədər güclü olarsa, onun təsir imkanları o qədər çoxdur.

Yəni voltun və vattın çox olması üçün omlarla amperlərin sayı o qədər çox olmalıdır.

Azərbaycanda hakimiyyət sivil, demokratik, cəmiyyətin qəbul etdiyi güclü müxalifətdə maraqlıdır.

Müxalifətdə - müxalif olduqlarını deyənlərdə yox.

Hakimiyyət dəyişməsə də, müxalifət dəyişməli, inkişaf etməli, sürəkli təkamül etməlidir. Müxalifətin özünü gücləndirməsinin, populyarlığını artırmasının, resurs bazasını genişləndirməsinin başqa yolu, sadəcə, yoxdur.

Radikal çağırışlar və şüarlar da bir yerə qədər cazibədar qalır, işlər olur. Amma onların ömrü qısadır.

Müxalifət statuslu qüvvələr 25 il eyni şüarları təkrarlayıb "hakimiyyət dəyişmirsə, bizim də dəyişməməyimiz labüddür" deyirsə, bu, məğlubiyyətdir.

Daha doğrusu, siyasi intihardır.

Qonşu Gürcüstan və Ermənistanda hakimiyyət son 25 ildə sadəcə, zahirən dəyişib - mahiyyət, məqsəd, istiqamətlər və siyasət eynidir.

Azərbaycanda isə müxalifət az qala konstantaya çevrilib.

Təsəvvür edin ki, Gürcüstanda Zviad Qamsaxurdiya, Caba İoseliani sağdır və müxalifətçilik edirlər. Mümkündürmü? Yox.

Ermənistanda sabiq prezident Levon Ter-Petrosyan artıq özüyeriyən şüara çevrilib, onu və digər "mastodont"u- 25 ildə eyni çirkin oyunlar oynayan Daşnaksutyun partiyasını cəmiyyət ciddiyə almır.

Azərbaycanda isə Əli Kərimli, Arif Hacılı ciddi fiqur kimi qəbul olunmalarını istəyirlər. Cəmil Həsənli siyasətçi olduğuna özünü inandırıb.

Nədir arqumentləri?! "Partiya sədriyik", "demokratik qüvvələrin liderləriyik". Cəmil Həsənlinin tərəfdarları isə təşəxxüslə deyirlər: "Prezidentliyə namizəd olub, insanlar onu qəbul edirlər". Bu adamların savadlı danışdıqları da vurğulanır, istedad kimi qələmə verilir.

İstinadlı bənzətmələr qüsurludur.

Rusiyada Vladimir Jirinovski qədər prezident seçkilərində namizəd olan ikinci partiya lideri yoxdur, amma onu ciddi siyasətçi kimi qəbul etmirlər və etməzlər də.

Teleaparıcı Kseniya Sobçak da prezidentliyə namizəd idi: nədir, onu da "ciddi siyasətçi" sayaq?!

Özlərini dəryada durmuş qocaman dağa bənzədən yerli mikrodemokratlarımız az qalır ki, "Döysə də canımı minlərlə məlamət ləpəsi, zövrəqi-himmətim əvvəlki təmənnada durar" söyləsinlər.

Belə deyil axı - onlar əvvəlki təmənnada deyillər, tamahları artıb, istəkləri böyüyüb, lakin fəaliyyət prinsipləri eyni.

Stabillik anlayışları da çox əndrəbadidir.

Cənablar, Azərbaycandakı stabilliyi yanlış anlayırsınız. Sirr açım sizə: ən dayanıqlı stabillik morqda və məzarıstanda olur. Cəmiyyət isə nə morqdur, nə də qəbristanlıq.

İctimai fikir daim hərəkətdə olmalıdır, mütəhərrik təsir bağışlamalıdır. Azərbaycandakı stabilliyin kökündə də vətəndaşın ictimai sifarişi ilə hakimiyyətin ona təqdim etdiyi daxili siyasi konstruksiyanın tam uyğunluğu durur.

Sabahın proqnozlaşdırıldığı sosiumda yaşamaq ertəsi gün nə olacağını kimsənin bilmədiyi məkanda ömür sürməkdən, daha doğrusu, ölməməyə çalışmaqdan daha üstündür.

Təsadüfi deyil ki, çinlilərin qədim atalar sözündə deyilir: "Fasiləsiz dəyişən yerdə yaşamaq bıçaq tiyəsi ilə addımlamaqdır".

Azərbaycanda hakimiyyətə sahib olan xalqdır və o, idarəetmə səlahiyyətlərini qanunlar çərçivəsində hakimiyyətə etibar edib.

Və sözügedən səbəbdən də hakimiyyətlə müxalifətin münasibətlərində müxaliflərin xoş məramından çox şey asılıdır.

Siyasət əksliklərin mübarizəsidir. Dialektikanın qanunudur bu.

Ona görə də Azərbaycanda müxalifətin bu vəziyyətdə olması sadəcə, müxaliflərin problemi deyil.

Problem əslində problemlilərin inkişaf etməkdən boyun qaçırmaları, çağdaş dünyanın tələblərini əsla qəbul etməmələri, modern çağırışların qarşısında zəif qalmalarıdır.

İnsan vərdişlərinin əsiridir. AXCP, Müsavat, Milli Şura və digərləri inzibati, maliyyə, informativ, təşkilati resurslara malik olmadığı üçün zəifliyini etiraf etməlidir artıq.

Müxalifətimiz marginallaşıb - bu, danılmaz gerçəklik, "Məhsul"da qəmgin toplantıların nəticə kimi göstərdiyi səbəblərdir.

Müxalifətdə hərə öz rolunu ifat edir və taleyi ilə barışıb.  Siyasi mübarizənin olmadığı yerdə isə siyasi mübarizə mədəniyyətinin formalaşması absurddur.

Proqnozlarla struktur olduğu yerdə, oyunçuların gücünün bəlli olduğu şəraitdə vermək olar.

Azərbaycanın təkrarlanan, şüarlarının tozunda qalmış müxalifəti barədə isə bu sözləri demək mümkün deyil.

Çox istənilsə belə...

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/644099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR