Türkiyə Superliqasında dünən "Qalatasaray" və "Fənərbağça" klubları arasındakı derbi matçında iki komandanın oyunçuları arasında dava düşüb.
Milli.Az SuperSporti-a istinadən bildirir ki, 2:2 hesablı matç başa çatan kimi dava başlayıb.
"Qalatasaray"ın oyunçusu Yunus Belhanda və "Fənərbağça"nın futbolçusu Roberto Soldado arasında gərginlik oyunun ikinci hissəsində başlanmışdı. Əlavə vaxtda iki futbolçunun mübahisəsinə "Fənərbağça"nın oyunçusu Celison müdaxilə edib.
O, Belhandaya yumruq atıb.
İki komandanın oyunçuları arasındakı davaya az sonra ehtiyat oyunçular skamyasındakı futbolçularla texniki heyət mənsubları da qatılıblar.
"Qalatasaray" futbolçularının qovduqları Celison qaçaraq paltardəyişmə otağına gedib. Bu arada "Qalatasaray"ın yardımçı məşqçisi Həsən Şaş "Fənərbağça"nın futbolçusu Martin Şkrtelin boynundan tutub boğmağa çalışıb.
"Fənərbağça"nın ehtiyat qapıçısı Erten Ersu və oyunçu Mixael Frey də meydana girərək "Qalatasaray"lı futbolçulara hücum ediblər.
"Qalatasaray"ın vitse-prezidenti Əbdürrəhim Albayrak, baş məşqçi Fatih Terim və məşqçi Ervin Kuman dalaşanları ayırmağa çalışıblar.
"Fənərbağça"nın futbolçuları Celison və Roberto Soldado ilə "Qalatasaray"ın oyunçusu Badu Nidaye qırmızı, "Qalatasaray"ın mərakeşli oyunçusu Yunus Belhanda sarı vərəqə ilə cəzalanıblar.
Milli.Az