Braziliyada U-20 Liqasının 2-ci divizionunda “Uberlandiya” və “Mamore” komandaları arasında keçirilən qarşılaşma kütləvi insidentlə yadda qalıb.
Metbuat.az xəbər verir ki, oyunun 54-cü dəqiqəsində “Uberlandiya”nın futbolçusunun qırmızı vərəqə alması meydanda gərginliyə səbəb olub və qarşılaşma təxminən 40 dəqiqə dayandırılıb. Əlavə olunmuş dəqiqələrdə “Mamore”nin hesabı 3:1 edən qolundan sonra isə vəziyyət daha da gərginləşib. Qol müəllifi Davinin sevinc hərəkətləri tərəflər arasında qarşıdurmaya səbəb olub. Hadisələr nəticəsində ümumilikdə 43 futbolçu, məşqçi heyətinin 8 üzvü və “Uberlandiya”nın 2 rəsmisi qırmızı vərəqə ilə cəzalandırılıb. Beləliklə, bir oyunda 53 nəfərin meydandan qovulması futbol tarixində rekord göstərici kimi qeydə alınıb.
Qeyd edək ki, buna qədər rekord 2011-ci ildə Argentinada keçirilən və 36 qırmızı vərəqənin göstərildiyi qarşılaşmaya məxsus idi.