“12 noyabr Azərbaycan dövlətçilik tarixinin ən əlamətdar günlərindən biridir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymaqla yanaşı, müstəqilliyimizin hüquqi təminatlarının möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu sənəd Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, dövlət və cəmiyyət münasibətlərini tənzimləyən fundamental hüquqi baza kimi tarixə düşüb”.
Bunu Metbuat.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
O bildirib ki, Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı mühüm xidmətlərindən biridir.
“1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradıldı. Məhz Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və müstəqil Azərbaycanın ilk Əsas Qanununun layihəsi hazırlandı.
1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizinin iştirakı ilə Konstitusiya qəbul edildi. Həmin il noyabrın 27-də qüvvəyə minən bu sənəd milli dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Konstitusiyanın tarixi əhəmiyyəti nəzərə alınaraq, Heydər Əliyevin 1995-ci il dekabrın 15-də imzaladığı Fərmanla noyabrın 12-si Konstitusiya Günü elan edildi.
Konstitusiyanın qəbulu ölkəmizdə hüquqi dövlət quruculuğunun, demokratik institutların formalaşmasının və qanunun aliliyinin təmin edilməsinin əsasını təşkil etdi. Əsas Qanunda dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və bazar iqtisadiyyatı münasibətlərinin formalaşdırılması kimi fundamental prinsiplər təsbit olundu.
Bu gün Azərbaycan Respublikası milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini qətiyyətlə davam etdirir. Dövlətimiz Konstitusiyanın müəyyən etdiyi prinsiplərə və suveren hüquqlarına əsaslanaraq qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir.
Konstitusiyamızın əsas üstünlüklərindən biri də dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarının təminatına geniş yer verməsidir. Bu, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərinə sadiqliyinin mühüm göstəricisidir”.