Bu gecə Almaniya və Hollandiya yığmaları arasında keçirilməli olan yoldaşlıq oyunu təxirə salınıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, qarşılaşma təhlükəsizlik səbəbindən ləğv edilib. Oyun Almaniyanın Hannover şəhərində keçiriləcəkdi.
Görüşdən bir müddət əvvəl Hannover şəhərində şübhəli bir paket tapılıb. Bu məqsədlə polis stadiona aparan bütün yolları bağlayıb və təcili olaraq hadisə yerinə mütəxəsisslər cəlb edilib. Daha sonra stadionun içindən də şübhəli bir çanta tapılıb. Bu hadisələrdən sonra qarşılaşmanın keçirilməməsi qərara alınıb. Almaniya polisi stadionun ətrafında qrup şəklində toplaşmanı da qadağan edib.

Bu gün keçirilməli olan daha bir qarşılaşma Belçika - İspaniya oyunu da terror təhlükəsinə görə təxirə salınıb.

Fransa paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub.Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri "Bataclan" incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, "Le Karilyon" barı, "Les Halz" ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi "Stad De France" stadionun qarşısı olub.
Milli.Az


