Yamaykalı sprinter, dünyanın ən məşhur yüngül atleti Useyn Bolt Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında karyerasında 7-ci Olimpiya qızılını qazanıb. "İldırım" ləqəbli yüngül atlet möhtəşəm uğura nail olub.
Milli.Az Reuters-ə istinadən bildirir ki, 100 metr məsafəyə qaçışın finalında 30 yaşlı Bolt ənənəvi olaraq tələsməyib. Startda o, rəqibləri irəli buraxıb və yarışın ilk 40 metrində "asta" qaçıb. Lakin sonradan o, bütün rəqibləri geridə qoyaraq finişə birinci çatıb.
Onun nəticəsi 9,81 saniyədir.
Bu yarışda Useyn Boltun əsas rəqibi amerikalı atlet Castin Qetlin idi. 9,89 saniyə nəticə ilə finiş xəttinə ikinci çatan Qetlin gümüş medal alıb. Kanadalı Andre De Qrass isə üçüncü olub.
Beləliklə, Useyn Bolt dünyada ilk atletdir ki, 100 metr məsəfəyə qaçışda 3 dəfə Olimpiya çempionu olub. Yamaykalı atlet Pekin-2008, London-2012 Olimpiadalarında da qızıl medal qazanmışdı.
Yamaykalı sprinter 200 metr məsafəyə qaçışda və 4x100 metr estafetində də çıxış edəcək.
Useyn Bolt 7-ci qızıl medalını qazanandan az sonra Twitter-dəki profilində yazıb: "Ayağa qalx, Yamayka! Bu qələbə sənin üçündür!"
Yamaykalılar zarafatla deyirlər ki, bu, Olimpiadada qələbədən sonra ən sürətlə, tez yazılmış tvitdir və Useynin barmaqları da ayaqları kimi çox sürətlidir.
Bir qədər əvvəl bildirilirdi ki, Useyn Bolt Pekin-2008 Olimpiadasında Nest Karterdən götürülmüş B dopinq-nümunəsindən müsbət cavab alınması səbəbindən bir qızıl medalını itirə bilər.
Qısa məsafələrə qaçışda ixtisaslaşmış Useyn Bolt karyerası ərzində 8 dünya rekordu vurub.
Milli.Az


























