Bu gecə idmanın kraliçası olan atletikada daha bir Olimpiya rekordu qeydə alına bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yamaykalı əfsanə Useyn Bolt atletikada ən çox Olimpiya qızılı qazanan idmançılara şərik olmaq imkanına malikdir.

Pekin-2008 və London-2012-də 100 və 200 m məsafəyə qaçışda, həmçinin 4x100 m estafetində qızıl medal qazanan yamaykalı atlet Rioda da fərdi yarışlarda heç kimə uduzmayıb. Final mərhələsi bu gecə baş tutacaq estafetdə Yamayka millisi qələbə qazansa, Useynin 9-cu qızılı rəsmiləşəcək.

O, bununla da çempionluq sayında hamıdan öndə olan atletlər Paavo Nurmi (Finlandiya) və Karl Luisə (ABŞ) məxsus rekordu təkrarlayacaq. Bu iki idmançı da 9 qat Olimpiya çempionudur. Skandinaviyalı 1920-28, amerikalı isə 1984-96-cı illərdə buna imza atıb. Sonuncunun da yamaykalı ilə eyni növlərdə və uzunluğu tullanmada çıxış etdiyini nəzərə alsaq, Bolt üçün ona çatmaq xüsusi prinsipiallıq kəsb edir.

Ümumilikdə isə 9 dəfə Olimpiya qızılı qazanmaq yarışın tarixində 2-ci nəticə hesab olunur. Çünki dünya tarixində yalnız bir idmançı - Maykl Felps daha çox çempionluq qazanıb. Amerikalı üzgüçüdə bu rəqəm 23-ə bərabərdir.

2-ci yerin şərikləri SSRİ gimnastı Larisa Latınina, amerikalı üzgüçü Mark Spitz, həmçinin Nurmi ilə Luisdir. Useyn onlara çatsa, 2-6-cı yerləri böləcək.

Qeyd edək ki, 4x100 m məsafəyə estafetdə final mərhələsi bu gecə saat 05:35-də start götürəcək.

Milli.Az