"Partlamağımı, ağzıma gələni deməyimi gözləyirsiniz"

"Partlamağımı, ağzıma gələni deməyimi gözləyirsiniz"
11:12 6 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

"Ukrayna və İslandiya ilə iki çətin oyun keçirəcəyik. Texniki və taktiki mənada bu matçlara yaxşı hazırlaşdığımızı düşünürəm. Məşqdə etdiklərimizi oyun zamanı təkrarlaya bilsək, əminəm ki, yolumuza planlaşdırdığımız şəkildə davam edəcəyik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

"Ay-ulduzlular" DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Ukrayna yığmasını qəbul edəcəklər.
 
Qarşılaşma öncəsi mətbuat konfransı keçirən Terim haqqında yayılan yanlış məlumatlara görə, əsəbləşmədiyini söyləyib: "Mətbuatı və futbol ictimaiyyətini diqqətlə izləyirəm. Yazılanlardan, deyilənlərdən xəbərim var. Oyunlar öncəsi sifarişlə yazılan yalan xəbərlərə görə əsəbləşməyimi, partlamağımı, ağzıma gələni deməyimi gözləyirsiniz. Amma mən bu planların bir parçası olmayacam. Vəzifəmin tələb etdiyi məsuliyyət içində hərəkət edəcəm və ehtiyacımız olan sakitliyi qoruyacam. Son günlər milliyə çağırdığım və çağırmadığım futbolçularla bağlı qəbulolunmaz yazı və şərhlər olur. Əxlaqsız, haqsız və qaralayıcı ifadələrə, sifarişli yazılara görə çox məyusam. Çirkin ittiham və iddiaların hamısı ilə tək-tək mübarizə aparacağımıza əmin ola bilərsiniz. Bir atalar sözünü xatırlatmaq istəyirəm: Göz odur ki, dağın arxasını, ağıl odur ki, başına gələcəyi görsün. Mənim uzun müddət əvvəl gördüyüm həqiqətləri indi görməyə başlayıblar".
 
Təcrübəli mütəxəssis bir neçə aparıcı futbolçuya yenə dəvət göndərmədiyi üçün tənqid atəşinə tutulmaqda davam edir. Lakin o, bu addımı şəxsi prinsipə görə atmadığını bildirib: "Mən heyət müəyyənləşdirərkən məsələnin şəxsi olmadığını dilə gətirmişəm. Məni planlarının önündə görənlərə, süni yolla mənfi təsir etməyə çalışanlara nə dəvət etdiklərimi, nə etmədiklərimi, nə də özümü qurban verərəm. Futbolçularımızın hamısı bu ölkənin övladlarıdır. Baş verənlərə baxmayaraq, kiməsə haqsızlıq edilməsinə seyrçi qala bilmərəm. Türkiyə futbolunun gələcəyi üçün hər kəsi sağlam düşüncəyə dəvət edirəm. Birliyə ehtiyacımız var. Komandaya çağırmadığım futbolçularla bağlı suallara cavab verməyəcəm. Oyunçularımı qorumaq mənim vəzifəmdir. Meydana çıxacaq futbolçulara haqsızlıq etmək istəmirəm. Bu uşaqlara sahib çıxın, onlar bizim övladlarımızdır. Ömər Toprakı baş verən bir hadisədən sonra komandaya çağırmadım. O arada zədələr də oldu. Bu gün isə Ömər bizimlədir. Mənim kiminləsə şəxsi problemimin olması mümkün deyil. Mən Antalyada problemin mükafatla bağlı olmadığını dedim. Çağırmadığım futbolçulara bunun səbəbini izah edirəm. Məsələn, Caner Erkinə səbəbi dedim, rahatladı. Hasan Ali indi yaxşı formada olsaydı, bəlkə də, Caneri yenə çağırmayacaqdım".
 
63 yaşlı çalışdırıcı gənc yarımmüdafiəçi Əmrə Morun ünvanına növbəti dəfə tərif yağdırıb: "Əmrə çox istedadlı futbolçudur və Dortmund "Borussiya"sına getməklə doğru iş gördü. Klubunda az da olsa oynamasına sevinirəm. Fransadakı ilk mətbuat konfransında Əmrənin doğru oynamağı öyrənəcəyi təqdirdə böyük işlər görəcəyini demişdim. İndi də eyni fikirdəyəm. Gündən-günə "atrırır". Əmrənin hücum xəttində heç kimdə olmayan mükəmməl istedadı var. Komanda yoldaşları ilə yaxşı dil tapsa, əla olacaq. O, gün keçdikdə millimizin önəmli silahına çevriləcək".
 
Qeyd edək ki, bu gün Konyada baş tutacaq Türkiyə - Ukrayna matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR