Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz
10:47 23 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bilirsiniz, Azərbaycanın ilk legioner futbolçusu kim olub? İndiyədək milli çempionatlarda nə qədər futbolçu oynayıb? Onlardan neçəsi legioner olub? Gəlmələr hansı ölkəni təmsil ediblər, neçə oyunda neçə qol vurublar? Hansı klubumuzun “legioner sevgisi" daha güclü olub? Bu və buna bənzər suallara oxuyacağınız yazıda cavab tapa biləcəksiniz.


Hər 3 futbolçudan 1-i legionerdi


Futbol üzrə ilk milli çempionatımızın keçirildiyi 1992-ci ildən indiyə kimi 25 mövsümdə Premyer Liqada iştirak edən 57 komandanın tərkibində 2811 futbolçu çıxış edib. Burada nəticəsi müxtəlif səbəblərdən ləğv olunmuş oyunlar nəzərə alınmayıb. İlk 3 çempionatımızda komandalardan heç biri legioner futbolçunun xidmətindən yararlanmayıb. Yəni, çempionatlarda Azərbaycan vətəndaşı olan futbolçular çıxış ediblər. Doğrudur, futbolçuların ad-soyadlarına fikir versək, çaşdırıcı məqamlar ortaya çıxa bilər. Məsələn, ilk milli çempionatda Gerasim Tartaraşvili və  Alfred Aamusa Sissey adlı futbolçuları ilk baxışdan legioner kimi qəbul etmək olar. Amma hər ikisi öz futbolçumuz olub və bu haqda yazının sonunda ətraflı bəhs edəcəyik.


Bayaq haqqında danışdığımız 2811 futbolçudan 1015-i legionerdir. Başqa sözlə, 36,1 faizi. Bura sonradan milliləşən futbolçular da daxildir. Kifayət qədər böyük göstəricidir. Özü də nəzərə alaq ki, bu legionerlərdən əksəriyyəti ölkəmizə 2004-cü ildən, yəni, futbola böyük pulların axdığı dövrdən sonra gəliblər. Bu futbolçular 76 ölkəni təmsil ediblər. Ən çox “idxalat" Gürcüstandan olub - 117 futbolçu. “Futbol fabriki" sayılan Braziliyadan isə 101 futbolçu müxtəlif vaxtlarda komandalarımızın heyətində çempionatlarda çıxış ediblər. Bu mənada üçündü yerdə 95 futbolçu ilə Ukrayna, dördüncü yerdə isə 92 futbolçu ilə Rusiya qərarlaşıb. Maraqlıdır ki, qonşularımızdan qardaş Türkiyə 33 futbolçu ilə 8-ci yerdədir. Digər qonşumuz İran isə... Komandalarımız indiyədək cəmi 3 iranlının xidmətindən yararlanıblar. 


Hansı klubumuz legionerlərə daha çox güvənib? 


Bu suala cavab verməmişdən 2811 futbolçunun “iş yeri" ilə bağlı statistik göstəricilərə nəzər salaq. 25 mövsümün hamısında elitada çıxış edən “Neftçi" və “Qarabağ"dan başlayaq. “Flaqman" bu müddətdə 277, Ağdam təmsilçisi isə 249 futbolçunun xidmətindən yararlanıb. Rekord isə 288 futbolçu ilə 19 mövsüm Premyer Liqada oynayan “Bakı"ya məxsusdur. Qeyd edək ki, “Bakı" deyəndə bu klubun “əcdad"ı olan “Dinamo"nu da nəzərə almışıq. Hansı ki, 1997-ci ildən “Bakı"ya çevrilənədək Güclülər dəstəsində çıxış edib. “Turan"ın formasını geyinən futbolçuların sayı “Neftçi" ilə eynidir və ikinci yerə “flaqman"la şərikdir. 1-ci yerin sahibi “Bakı"nın Premyer Liqada artıq oynamadığını nəzərə alsaq, güman ki, bu il “Neftçi" liderliyi ələ keçirəcək. “Kəpəz" 258 futbolçu ilə üçüncü yerdə qərarlaşıb. Bunlardan başqa Premyer Liqada oynadığı vaxt MOİK 247, “İnter" 246, AZAL 221, “Xəzər Lənkəran" isə 202 futbolçunun xidmətindən yararlanıb. Başqa sözlə, məhz adı çəkilən 9 komanda 200 futbolçu həddini aşıb. 


1992-ci il mövsümündə çempionatdan kənarlaşdırılan və bütün oyunlarda texniki məğlubiyyət alan Nəvahinin “Gənclik" komandası istisna olmaqla çempionatlarda iştirak etmiş qalan 57 komandanın arasında ən az futbolçudan istifadə edən 2 komanda aşkar autsayderdir. Bunlar Kürdəmirin “Şirvan" və İmişlinin “Lokomotiv" komandalarıdır. Hər iki futbolçu elitada cəmi 20 futbolçunun xidmətindən yararlanıb. Səbəb sadədir, bu komandalar “yuxarı"da cəmi 1 mövsüm keçiriblər. “Şirvan" 1992, “Lokomotiv"sə 2003/04-cü illər mövsümündə. Doğrudur, elitada cəmi 1 mövsüm keçirən başqa komandalar da var. Lakin onlar daha çox futbolçudan “istifadə etdikləri" üçün adlarını sadalamırıq.


Ümumiyyətlə, 57 komandanın yarıdan çoxunun, daha dəqiq 30-unun heyətində azı 1 legioner futbolçu çıxış edib. 27 komanda isə “xalis milli" olub. Özü də bu komandaların əksəriyyəti ilk legionerlərin oynamadığı 3 çempionatda çıxış edib. Legioner xidmətindən yaranlananlıran isə çoxu 2004-cü ildən sonra yaranan klublardır. Digər fakt ondan ibarətdir ki, 2004-cü ildən bu yana çempionatlarda iştirak edən komandaların hamısında legioner futbolçu oynayıb. Yeganə istisna “ABN-Bərdə"dir. Preymer Liqada oynadığı 2007/08-ci illər mövsümündə Bərdə təmsilçisi 28 futbolçunun xidmətindən yararlanıb ki, hamısı da yerlilər olub. Premyer Liqada 9 mövsüm çıxış edən “Xəzər" (Sumqayıt) və 8 mövsüm oynayan “ANS-Pivani" də həmçinin.


Heç vaxt legioner xidmətindən yararlanmayan elita təmsilçiləri bunlardır: “Xəzər" (Sumqayıt), “Avtomobilçi" (Yevlax), “Kürmük" (Qax), “Araz" (Naxçıvan), “Azəri" (Bakı), “Pambıqçı" (Neftçala), “Pambıqçı" (Bərdə), “Xəzər" (Lənkəran), “Şirvan" (Şamaxı), “Energetik" (Şirvan), “Ümid" (Cəlilabad), “İnşaatçı" (Sabirabad), “Şirvan" (Kürdəmir), “Lokomotiv" (İmişli), “Kür-Nur" (Mingəçevir), “Plastik" (Salyan), “Çıraqqala" (Siyəzən), “Bozqurd" (Samux),  “ANS-Pivani" (Bakı), “Neftqaz" (Bakı), “Ümid" (Bakı), “ABN-Bərdə", “Avey" (Ağstafa), “Daşqın" (Zaqatala), “Xəzri" (Buzovna), “Azneftyağ" (Bakı), “Fərid" (Bakı).


“Qəbələ" liderdir


Yenidən qayıdaq legionerlərdən istifadə etmiş komandalara. Ən çox əcnəbi “İnter"də olub - 121 futbolçu. “Xəzər Lənkəran" və “Qəbələ"də bu rəqəm 107-dir. “Xəzər Lənkəran"ın fəaliyyətini dayandırdığını, “İnter"in isə transfer qadağası ilə üzləşdiyini nəzərə alsaq, güman ki, “Qəbələ" bu yöndə birinciliyi ələ keçirəcək. “Neftçi" müstəqillik illərində 101, AZAL isə düz 100 legioner futbolçu ilə müqavilə imzalayıb. Son çempion “Qarabağ" isə indiyə kimi xaricdən 78 futbolçu transfer edib. 


Gəlmələrin xidmətindən ən az yararlanan komandaların sayı 3-dür. Bunlar Masallının “Viləş" (Aleksandr Xurtseviç, Ruslan Azarenko), Qubanın “Şahdağ" (Anzor Sədirov, Nəriman Fərhadov) və Bakının “Ədliyyə" (İrakli Gelaşvili, Fırat Çırçı) komandalarıdır. Müdafiə Nazirliyinin taleliyində olan MOİK-in də legioner xidmətindən yararlanması faktının maraqlı olacağını deyə bilərik. Elitada bu komandanın heyətində 4 gəlmə çıxış edib - Georgi Danibeqaşvili (1998/99), Amiran Qventsadze (2010/11), Erik Obidike (2008/09), Taqim Novruzov (2008/09).


Legionerlərin ümumi oyunçuların faiz nisbətinə baxsaq, 1-ci yerdə “Qəbələ" qərarlaşıb. Əyalət təmsilçisi indiyədək 198 futbolçunun xidmətindən yararlanıb ki, onların da 107-i, başqa sözlə, 54 faizi gəlmə olub. “Xəzər Lənkəran"da bu rəqəm 53-dür. Amma cənub təmsilçisi bu göstərici ilə 3-cü yerdədir. Çünki tarixin yaddaşına köçmün “Standard"ın futbolçularının 53,3 faizi legioner olub. Bütün çempionatlarda çıxış etmiş “Neftçi" və “Qarabağ" legionerlərdən o qədər də çox istifadə etməyib. “Neftçi" 36,5 faizlə 9-cu, “Qarabağ" isə 31,3 faizlə 13-cü yerdədir.


Klubların üz tutduqları coğrafi ərazilərə də nəzər salmaq maraqlı olar. Azərbaycana futbolçu verən 76 ölkədən tən yarısının təmsilçisi “Xəzər Lənkəran"ın formasını geyinib. “Qəbələ" 36, “Neftçi" 35, AZAL 34, “İnter"lə “Bakı" isə 32 ölkənin futbolçusunu heyətinə qatıb. 


Gəlmələr klublarımıza fayda verib?

 

Əcnəbilərdən ən çox istifadə edən klub “İnter"dir. Bu komandanın legionerləri üst-üstə 3522 oyunda meydanda olublar. Gəlmələr “Neftçi"də 2793, “Qəbələ"də 2756, AZAL-da 2517, “Bakı"da isə 2508 oyuna çıxıblar. Premyer Liqanın daimi üzvü “Qarabağ" 2097 oyunla 7-cidir. Ağdamlılar “Xəzər-Lənkəran"dan (2368) geri qalırlar. 


“Neftçi" başqa göstəricidə rekordçudur. Bakılıların legionerləri rekord sayda - 373 qol vurublar. “İnter"də bu rəqəm 357, “Qarabağ"da isə 300-dür. “Qəbələ", “Bakı", “Xəzər-Lənkəran" və AZAL-da 250-dən çox qola əcnəbilər imza atıblar. Legioneri olan 30 klubdan üçü - MOİK, “Ədliyyə" və “Şahdağ"da (Quba) isə əcnəbilər heç vaxt qol vurmayıblar.


Bəs, milli çempionatlar tarixində ən çox oyun keçirən legioner kimdir? Birincilik milliləşən Aleksandr Çertoqanova məxsusdur. Saşa müxtəlif komandaların heyətində 292 oyunda meydanda olub. Maraqlıdır ki, 2-ci pillədə də sonradan milliləşən futbolçu qərarlaşıb. Arif Daşdəmirov 274 matça forma geyinib. 3-cü yerdə isə 269 oyunlar Viktor İqbekoyi gəlir.


Gerasim və Alfred legioner olmayıblar


Yazının əvvəlində qeyd etdiyimiz kimi, futbolumuzun ilk legioneri ilə bağlı məsələyə toxunaq. Əslində, bu haqda mətbuatda həmkarlarım Kənan Məstəliyev, Vüqar Xeyrullayev, Mehman Süleymanov və digərlərinin imzası ilə dəfələrlə yazılar dərc olunub. Həmin yazılara əsaslansaq, məlum olur ki, ilk milli çempionatımızda iştirak etmiş Alfred Aamusa Sissey və Gerasim Tartaraşvili ad-soyadından göründüyü kimi ilk legioner deyilmişlər, əslində, Azərbaycan vətəndaşı olublar. Tartaraşvili əslən gürcü olsa da, Qax rayonunda böyüyüb, boya-başa çatıb. O, hələ 1990-ci ildə - SSRİ vaxtında bu klubda oynayıb və 28 matçda 5 qol vurub. Tartaraşvili ilk 3 çempionatımızda - 1992 (21 oyun 1 qol), 1993 (18 oyun, 1 qol) və 1993/94-cü illər mövsümündə (26 oyun) “Kürmük"də ümumilikdə 65 oyun keçirərək 2 qola imza atıb. Futbolçu 2013-cü ilin yanvarın 27-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Qaxın Qaxingiloy kənd sakini olan Tartaraşvilinin həyətdə kəsdiyi ağas başına düşüb və aldığı xəsarətdən xəstəxanada ölüb. 


1974-cü il təvəllüdlü Sissey qapıçı olub və yalnız ilk milli çempionatımızda iştirak edib. O, sonrakı adı “Azərneftyağ" olan “Tərəqqi"nin (Bakı) heyətində 7 oyun keçirib və 17 qol buraxıb. Sisseyi də soyadına görə legioner saymaq doğru olmaz. Alfred əslində, “Sumqayıt uşağı" olub. Mulat olan qapıçı Syerra-Leonedən olan tələbəylə Sumqayıtdan olan rus qadının nigahından dünyaya gəlib. Kazbek Tuayevin rəhbəri olduğu Bakı İxtisaslaşdırılmış Futbol Məktəbində futbolun sirlərini öyrənən Sissey Arif Əliyevin rəhbərliyi altında ilk addımlarını atıb. Həmyaşıdları arasında iki dəfə respublika çempionu olan qapıçı yığmaya da cəlb olunub. Bu, ümumittifaq səviyyəsində çıxış edən Azərbaycan yığması idi ki, 1974-cü il təvəllüdlülərdən ibarət bu komandanın əsas qapıçısı Dmitri Kramarenko, əvəzləyicisi isə Alfred Aamusa Sissey olub. Alfredin karyerası uzunmüddətli olmayıb. Futbolçu kimi pul qazana bilməyən Sissey alver etməyə başlayıb və Rusiyaya yollanıb. Ara-sıra Sumqayıta baş çəksə də, həyatı birdəfəlik Rusiya ilə bağlı olub. Sissey Volqoqrad və Rostov vilayətlərində xoşbəxtlik axtarıb. Lakin faciəvi durumla üzləşib. Həmkarlarımın əldə etdiyi son məlumatlara görə, Sissey Volqoqrad ətrafında şəhərciklərin birində səfil həyatı sürməklə məşğuldur.


Futbolumuzun ilk legioneri 500 rubla oynayıb


Mustafa Xeyrinin ilk legionerimiz olması ilə bağlı fakt 23 il əvvəl “Səhər" qəzetində göstərilib. Mustafa əslən türk olub. Azərbaycan Pedaqoji İnstutunun tələbəsi olub. 1994/95-ci illər mövsümündə Bakının “İnşaatçı" komandasının heyətində çıxış edib. Cəmi 3 oyunda forma geyinən Mustafa ilk qol və avtoqol müəllifi olan legioner kimi də futbolumuzun tarixinə düşüb. 


06.11.1994 “Xəzər" (Lənkəran) - “İnşaatçı" 1:1

Qollar: B.Mirsadıqov - Mustafa Xeyri


09.11.1994 “İnşaatçı" - “Neftçi" 0:5

Qollar: K.Bayramov, Nazim Əliyev (4)


20.11.1994. “İnşaatçı" - “Xəzri" (Buzovna) 1:2

Qollar: Zöhrab Qədiyev, 50 - Mustafa Xeyri, 32 (öz qapısına); Sergey Zara, 78-p.


Mustafa Xeyri kimdir? Azərbaycanın ilk legioner futbolçusu indi nə işlə məşğuldur? Ümumiyyətlə, həyatdadırmı? Bu suallara hələlik cavab tapa bilməsək də, onun “İnşaatçı"ya gəlişi, hansı səbəbdən komandadan tez ayrılması və digər məqamlara komandanın o vaxtkı baş məşqçisi Məmmədəli Məmmədovla aydınlıq gətirə bildik: “İnşaatçıda köməkçi məşqçi var idi - Aleksandr Çokadze. Atası azərbaycanlı idi. Ana soyadını götürmüşdü. Bir dəfə mənə yaxşı bir futbolçunun olduğunu dedi. Mustafanı nəzərdə tuturdu. Dedim ki, gəlsin, yoxlayaq. İlk məşqdəcə özünü göstərə bildi. Xoşuma gəldi. O vaxtdan 22-23 il keçib. Çox şeyi unutmuşam. Bakıda nə işlə məşğul olduğu yadımda deyil. Səhv etmirəmsə, tələbə idi. Mustafa hücumameyilli yarımmüdafiəçi idi. Adını sifariş ərizəsinə daxil edəndən sonra Lənkəranda “Xəzər"ə qarşı oyuna buraxdıq. İlk oyundaca qol vurdu..."


Məmmədəli müəllimdən Mustafanın “İnşaatçı"da cəmi 3 oyunda meydana çıxmasının səbəblərini soruşduq. Təcrübəli mütəxəssis futbolçunun birdən-birə yoxa çıxdığını dedi: “Hə, bizdə cəmi 3 oyun keçirdi. Sonuncu oyununda öz qapımızdan qol vurmuşdu. Deyim ki, həmin epizodda günahı yox idi. “Rikoşet"dən sonra top qapımızdan keçmişdi. Məhz buna görə onun komandadan getməsini düşünmək yanlış olardı. Mustafa həqiqətən yaxşı futbolçu idi. Sonuncu oyundan sonra mənə yaxışlaşıb Türkiyəyə qayıtmaq, orada karyerasını davam etdirmək istədiyini söylədi. Görünür, “İnşaatçı"da oynaması onda belə bir ümid yaratmışdı ki, burada oynayırsa, deməli, Türkiyədə də özünə karyera qura bilər. Komandaya necə qəfildən qoşulmuşdusa, elə də yoxa çıxdı. “Quş” kimi gəlmişdi, “quş” kimi də “uçub” getdi”. 


Mustafa Xeyrinin sonrakı taleyindən hələlik xəbər yoxdur. Ümid edirik ki, sağdır və yaxın vaxtlarda onunla əlaqə qura biləcəyik. Azərbaycan futbolunun ilk legionerinin nə qədər qazanması maraqlı olacağını düşünərək Məmmədəli müəllimdən Mustafanın maaşı barədə də soruşduq. Məlum oldu ki, türk futbolçu yerlilərdən çox maaş almayıb: “O vaxt futbolçulara klubdan maaş verilmirdi. “İnşaatçı" Evtikmə Kombinatının nəzdində idi. Futbolçular hərəsi kombinatın nəzdində olan müəssisələrə işçi kimi qəbul olunurdular və oradan maaş alırdılar. Mustafanı da belə müəssisələrin birinə işə düzəltməyi söz vermişdik. Maaş o qədər də yüksək deyildi. Haradasa, 500 rubl civarında olardı. Komandanın stajlı futbolçuları bundan daha artığını alırdılar".

O vaxt kim bilrədi ki, cəmi 10 il sonra Azərbaycana ayaq açan legionerlər 500 rubldan dəfələrlə dəyərli olan 500 manata “tum pulu" kimi baxacaqlar. İndi də heç kim bilmir ki, 10 il sonra 500 manat futbolda böyük pul olacaq, ya yox? Deyəsən, bu gedişlə keçmişə qayıdırıq...


Futbolçu “idxal” etdiyimiz ölkələr


1. Gürcüstan 117

2. Braziliya 101

3. Ukrayna 95

4. Rusiya 92

5. Serbiya 60

6. Nigeriya 38

7. Rumıniya 35

8. Türkiyə 33

9. Moldova 32

10. Xorvatiya 25

11. Bolqarıstan 24

12. Belarus 23

13. Makedoniya 22

14. Litva 20

15. Bosniya və Hersoqovina 19

16. İspaniya 18

17. Latviya 17

18. Türkmənistan 14

19. Kamerun 13

20. Syerra-Leone 11

21. Argentina 10

22. Hollandiya 10

23. Almaniya 9

24. Fransa 9

25. Qvineya 9

26. Albaniya 8

27. Polşa 8

28. Portuqaliya 8

29. Seneqal 8

30. Çexiya 7

31. Estoniya 7

32. Sloveniya 7

33. Burkina Faso 5

34. İsveç 5

35. Konqo 5

36. Qana 5

37. Slovakiya 5

38. Uruqvay 5

39. Misir 4

40. Paraqvay 4

41. Yunanıstan 4

42. Boliviya 3

43. Çili 3

44. İran 3

45. İsveçrə 3

46. Kolumbiya 3

47. Kosta-Rika 3

48. Kot d`İvuar 3

49. Liberiya 3

50. Özbəkistan 3

51. Tacikistan 3

52. ABŞ 2

53. Belçika 2

54. Honduras 2

55. Keniya 2

56. Mali 2

57. Mərakeş 2

58. Monteneqro 2

59. Toqo 2

60. Tunis 2

61. Yamayka 2

62. Avstraliya 1

63. CAR 1

64. Cənubi Koreya 1

65. Çin 1

66. Əlcəzair 1

67. İngiltərə 1

68. İrlandiya 1

69. İsrail 1

70. Kabo Verde 1

71. Kipr 1

72. Meksika 1

73. Salvador 1

74. Serbiya və Monteneqro 1

75. Şotlandiya 1

76. Venesuela 1


İlqar Tağıyev

"Het-trik news" qəzeti


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-glmlrl-cickcirklnn-futbolumuz-t58859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR