"Erotik "WhatsApp" yazışması", "Qızını zorladı", "Zaur öldü" - Kimdir günahkar?

Təki, dünya salamat olsun, müharibələr olmasın, xəstəliklər yoxa çıxsın, insanlar eşşəklik eləməsin, razıyam, yazmağa xəbər tapmayaq, heç saytımıza bir nəfər də girməsin. Amma təki hər şey yaxşı olsun.

Vallah, mən müharibə qızışanda, kiminsə uşağı öləndə, kimisinsə evi yananda İP gələcək - deyə sevinən adamlardan deyiləm. Amma təəssüf ki, gün ərzində onlarla belə bəd xəbərlər eşidirik, görürük və yazırıq. Ən dəhşətlisi də odur ki, artıq oxucu da belə xəbərləri gözləyir, oxuyur. Məsələn, "filankəsin evi tikildi" xəbərini bir nəfər oxuyursa, "Bəhmənkəsin evi söküldü" xəbərini min nəfər oxuyur. İnsanlar sosial şəbəkələrdə dördgöz dayanıb "Filankəsin arvadı Bəhmənkəsin ərinə qoşuldu qaçdı", "İki sevgilinin erotik "WhatsApp" yazışması", "Əl - əllə verib intihar etdilər", "Zaur öldü" kimi başlığı olan xəbərlər gözləyirlər. Bu cür xəbəri gözləyənlər də üç yerə ayrılır.

1. Ən böyük kütlə - tamamilə neqativə köklənən təbəqə. Sanki bunlar belə xəbərlərdən zövq alır və dünyanın onsuz da qara gündə olduğunu düşünən, bu xəbərləri oxuyub öz bata - batına şükr edən insanlardır. Belə insanlar adətən şərh yazmaz, eləcə satanistlər kimi şərdən zövq almaq üçün yaranmış insanlardır.

2-ci təbəqə şərh yazan təbəqədir - hər şeyə bir mız qoyan. Bu təbəqə də ancaq neqativ xəbərləri oxuyur. (Belə olmasaydı, 2 bəd xəbərə görə adamı qınayanda, 10 yaxşı xəbərə görə təşəkkür edərdilər) Belə insanlar özlərini sanki hər məsələyə münasibət bildirmək üçün lazımı hesab edirlər. Kaş, belə insanlar yaxşı xəbərlərin güdüyündə duraydılar. Onda həqiqətən də jurnalisti onlar yetişdirərdi. İnsanlar daha çox papuruzimə meyilli olduğu üçün hansı fəaliyətləri daha çox müzakirə olunursa, o tərəfə daha çox enerji qoyurlar. Nəticədə jurnalist də bir insandır.

3 - cü təbəqə də neqativ, 18+ xəbərləri oxuyur. Belələri şərh yazmır. Onlar adətən ya dövlət işlərində çalışan fəaliyyətsiz jurnalistlər olur, ya yazarlar olur, ya iki cümləsində 5 səhv edən televiziya, radio jurnalistləri olur, ya da yazı - pozu sahəsinə marağı olan insanlar olurlar. Belə insanlar qüsur tutub üzə vurmaq üçün, ağıllı status yazmaq üçün, özünü full, başqasını cılız göstərmək üçün xəbər güdüyündə dururlar. Belə insanlar neqativ xəbərə qıcıq olmurlar, əksinə yaxşı, oxunaqlı xəbər görəndə daxili narahatlıq keçirirlər. Belə olmasaydı, bir yaxşı xəbər görəndə "Əhsən" yazıb paylaşardılar...

Nəticədə, bütün xəbər oxuyan təbəqə elə bəd xəbərləri gözləyir. İşlənmiş normal mövzular isə yetim qalıb boynunu bükür. Deməli, ölkədə oxucu kütləsi yoxdur. Tək - tük istisnalar ola bilər. Əsil xəbər oxucusu çıxır arada. Amma. təəssüf ki, bunların sayı 4 rəqəmli ədəddən iki addım o tərəfə deyil. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR