Türkiyənin "Qalatasaray" klubu son illər ağır sınaqlarla üz-üzə qalan sabiq futbolçusu Emmanuel Ebueyə sahib çıxmağa qərar verib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi Fil Dişi Sahilindən olan müdafiəçini Türkiyəyə dəvət edib. O, bu gün İstanbulda olacaq, komandanın baş məşqçisi Fatih Terimlə, eləcə də klub rəhbərliyi ilə görüş keçirəcək.
Türkiyə mətbuatının məlumatına görə, klub rəhbərliyi xeyli müddətdi Ebue ilə bağlı araşdırma aparırdı. Klub rəsmiləri futbolçunun özü ilə də əlaqə saxlayıblar və durumu ilə maraqlanıblar. Danışıqlardan sonra o, İstanbula dəvət edilib. "Qalatasaray"ın ona hansı formada yardımçı olacağı maraqla gözlənilir.
Qeyd edək ki, Ebue "Qalatasaray"da 2011-2015-ci illər aralığında oynayıb. İstanbul klubundan ayrıldıqdan sonra İngiltərənin "Sanderlend" klubuna transfer olunan futbolçu elə həmin dövrdə FİFA tərəfindən bir illik futboldan kənarlaşdırılıb. Buna onun menecerinə olan borcunu ödəməməsi səbəb olub.
Sonralar isə Ebue sosial şəbəkə hesablarında və mətbuata açıqlamasında həyat yoldaşının ona məxsus bütün pulları mənimsədiyini, müflis və çarəsiz qaldığını bildirib. Həyat yoldaşı tərəfindən tərk edilən 34 yaşlı oyunçu maddi sıxıntılar səbəbindən hətta intihar etmək fikrində də düşüb. Lakin o, hər şeyə rəğmən, yenidən futbol oynamaq arzusunda olduğunu da bəyan etmişdi.
Xatırladaq ki, ölkəsinin yığma komandasında 70-dən çox oyun keçirən Ebue karyerası ərzində Belçikanın "Beveren", Londonun "Arsenal" klublarının da şərəfini qoruyub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində