Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olacağı təqdirdə, Braziliya milli komandasının hər bir üzvü 1 milyon dollar mükafat alacaq.
Milli.Az report-a istinadən xəbər verir ki, mükafatı Braziliya Futbol Konfederasiyası (CBF) təyin edib. Rekord məbləğə oyunçularla yanaşı, yığmanın məşqçilər heyəti də yiyələnəcək.
Braziliya millisinin futbolçuları 2002-ci il dünya çempionatını qızıl medalla başa vurduqları üçün 200 min dollar, 1994-cü il mundialının qalibi olmaları qarşılığında 80 min dollar qazanıblar. CBF Braziliyada keçirilmiş DÇ-2014 üçün 35 milyon dollar ayırıb. Lakin "pentakampeonlar" yarımfinalda Almaniyaya 1:7, 3-cü yer uğrunda görüşdə isə Hollandiyaya 0:3 hesabı ilə uduzaraq, medalsız qalıblar.
Qeyd edək ki, qarşıdakı dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Braziliya millisi İsveçrə (17 iyun, Rostov), Kosta-Rika (22 iyun, Sankt-Peterburq) və Serbiya (27 iyun, Moskva, "Spartak" stadionu) ilə birgə E qrupunda mübarizə aparacaq.
Milli.Az