Günel Musa

Köşə yazarı

12:14 21 Sentyabr 2024 3008
A- A+

Təhsilimizin nadir uğur hekayələrindən biri

Təhsil sahəsi və təhsil müəssisələri ilə bağlı illərdir səngimək bilməyən problemlərə artıq Məşədi İbadın sözü olmasın bir böv adətgərdə olmuşuq. Məktəblər işini yarıtmaz idarəçilik və öz yerində olmayan adamların yuvasına çevirildiyindən bəri Azərbaycan müəllimi də xeyli nüfuzdan düşüb. Təhsil, məktəb cəmiyyətin nəfəsliyidir. Amma təəssüf ki, uzun müddətdir bu nəfəslik də bağlı vəziyyətdə qalıb.

Məktəbdə keyfiyyətli təhsilin və məktəb uğurunun təmin edilməsində məktəb direktorunun böyük payı var. Təcrübəli, yaxşı, istedadlı, savadlı idealist, yenilikçi və çalışqan məktəb direktoru öz məktəbini zirvələrə aparır. Dəyişən və inkişaf edən dünyamızda məktəb direktorunda olması vacib olan xüsusiyyətlər də dəyişməkdədir. Amma Azərbaycanın gələcəyinin təslim edildiyi əllər təəssüf ki, baş verən mənzərələr fonunda güvən vəd etmir. Ölkədəki məktəb direktorlarının əksəriyyəti səhərdən axşama qədər otağından bayıra çıxmayan, yeniliklərə qapalı, gücünü səlahiyyətlərindən alan, cəzanı təzyiq vasitəsi olaraq istifadə edən, məktəb kollektivi, şagirdlər, valideynlər ilə müsbət əlaqələr qura bilməyən şəxslərdən ibarətdir. Belə şəxslərin günümüzdə arzuolunan uğurları təmin etməsi mümkün deyil.

Elm və Təhsil Nazirliyinin ilərdir həyata keçirtdiyi məktəb direktorlarının yerdəyişmə siyasəti də vəziyyəti xilas etmir.

Məktəb direktorunun başqalarının təsirində qalması, öz çıxarlarını düşünməsi, qorxaq, şəxsiyyətsiz olması, yeniliklərə qapalı olması, rabitə problemi yaşaması uğurun önündəki ən böyük əngəllərdir. Qurumdan faydalanan, qurumun imkanlarını başqlarına peşkeş çəkən məktəb direktorları bu gün Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin nüfuzunu yerlə-yeksan edib.

Halbuki məktəb direktoru peşəsini və müdirlik vəzifəsini sevməlidir. Çalışdığı məktəbin missiyasını starteji hədəflərini, məktəbin mövcud vəziyyətini, imkanlarını, işçi heyətini yaxşı tanımalı onlara lazımı diqqəti göstərməli özüün və səlahiyyətlərini yaxşı bilməlidir. Yazını oxuduqca yəqin ki, mənə verəcəyiniz sual belə olacaq. Bəs belə direktorlar varmı? Az da olsa varlar və onların dəyəri dövlət səviyyəsində yüksək qiymətləndirilməlidir.

Hər il məktəblərdən, müəllimlərdən, məktəb direktorlarının özbaşınalığından qalaq-qalaq şikayətlər, viral olan neqativ videolar, utanc mənbəyimiz olan səsyazıları sosial şəbəkələrin, sayt və efir manşetlərini bəzəyir.

Gərgin, neqativ xəbərlərin fonunda bu günlərdə sosial şəbəkəyə işıq gətirən bir video yayıldı. Xətai rayonundakı Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbin direktoru Cavid Əliyev iki gün əvvəl yerdəyişmə ilə başqa məktəbə göndərilməsini göz yaşları və etirazla qarşılayan şagird, müəllim və valideyn kütləsini görən hər kəs qəribə bir təəccüb içərisindədir. Çünki illərdir gözlərimiz ancaq məktəblərdəki biabırçılıqlara şahidlik edib. Belə bir vəziyyətdə gündəmi bu cür xoş xəbərin zəbt etməsi illərdir bağlı qalan nəfəslikdə bir dəlik açmış oldu. Emin Əmirullayevin Elm və Təhsil naziri təyin olunduğu gündən bəri bəlkə də ilk dəfədir bir məktəb direktoru haqqında bu qədər müsbət rəy eşidir. Günlərdir sosial şəbəkələrdə sevimli direktorlarının geri qaytarılması üçün müraciət etməkdən yorulmayan şagirdlərin, Elm və Təhsil Nazirliyinə məktub teleqram göndərməkdən usanmayan valideynlərin, gözünü yaşı qurumayan məktəb kollektivinin ricalarını nəzərə almaq və yazılan qanunu bircə dəfə xeyirliyə pozmaq bu qədər çətin olmamalıdır. Bu cür ruh düşkünlüyü ilə məktəbə gələn şagirdlərdən yüksək nəticə gözləmək də absurddur.

Hər bir ölkənin təhsil sistemi hədəf və məqsədlərə çatmaq üçün qurulur. Təhsilin əmin əllərdə olması isə uğurlu və parlaq gələcək vəd edir. Gəlin təhsilimizi əmin əllərə təslim edək.

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI