"Bakı Metropoliteni"nin təlim-tədris mərkəzi yeni formatda qurulur

"Bakı Metropoliteni"nin təlim-tədris mərkəzi yeni formatda qurulur
13:57 24 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək. 
Bu barədə "Report"a qurumdan bildirilib.
"2014-cü ilin sentyabr ayında əsasnaməsi təsdiq edilərək, fəaliyyətə başlamış Mərkəzin təcrübəsi təsdiq edir ki, kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi və s. tədris proseslərinin təşkili baxımından əhəmiyyəti danılmazdır. Çünki Bakı metropoliteninin özünəməxsus xüsusiyyətləri insan kapitalına fərqli yanaşma tələb edir. Bu mənada mərkəzləşmiş qaydada təşkil edilmiş təlim və tədris prosesi daha effektlidir. Burada metro işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsini, keyfiyyətli hazırlığını daha mükəmməl qaydada təşkil etmək mümkündür. Mərkəz lazımi vəsait və avadanlıqla, audiovizual texnologiyalarla, elektron proyektorlarla və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia, interaktiv təlim üsulları və s. əyani vəsaitlərin yeni erasının məhsuludur.
İldən-ilə yeniləşən təlim-tədris mərkəzində aparılan təmir-yenidənqurma işlərindən sonra metropolitenin əhatə etdiyi sahə və peşələrin xüsusiyyətlərini daha dərindən və təfərrüatı ilə nəzərə alaraq, fəaliyyətini davam etdirəcək. Hazırda mərkəzdə təmir-tikinti və yenidənqurma-bərpa işlərinin həlledici mərhələsi başlanıb.
Görülən işlər çərçivəsində divar, döşəmə örtüyünün üzlənməsi işləri başa çatmaqdadır. Xidməti və tədris otaqları daha yüksək standartların tələblərinə müvafiq olaraq təmir edilir. Binada yanğın təhlükəsizliyinin, mikroiqlim şəraiti də ən yüksək tələblər səviyyəsində olacaq.
Girişdən çıxışa qədər simasını tam dəyişməkdə olan mərkəzin yardımçı otaqlarının yerləşdiyi orta sahədə metropolitenin xidmət və struktur vahidlərinin fəaliyyətini əks etdirən bölmələr yerləşdiriləcək.
Binanın foyesi üç hissədən ibarət olmaqla, dövlətin qayğı və diqqətini özündə ehtiva edən və metropolitenin inkişaf tarixini xronoloji ardıcıllıqla əks etdirən, perspektiv planları və mühüm qərarları əyani nümayiş etdirən pavilyona çevriləcək.
Metro vaqonlarından ibarət qatarı xatırladan 8 iri bölmənin hər guşəsində metropolitenin istismar və tikinti nailiyyətlərini, texnoloji prosesləri ardıcıllıqla nümayiş etdirən fotostendlər, monitorlarda təqdim edilən videoçarxlar, sxematik təsvirlər və digər əyani vasitələr yer alacaq.
Stansiyaların, istismarda olan vaqonların, eləcə də əsas qurğu və avadanlıqların maketləri isə hər bir sahə üzrə ümumi bilikləri mənimsəmək, kadr hazırlığı prosesini dərinləşdirmək, işçilərin daha da mükəmməl biliyə və praktiki vərdişlərə sahib olmasını sürətləndirmək baxımından xüsusi rol oynayacaq.
Burada peşə vərdişlərinin praktiki möhkəmləndirilməsi və genişləndirilməsində əhəmiyyətli rola malik sınaq və məşq simulyatorlarının, xüsusən sərnişin qatarı trenajorunun tətbiqi nəzərdə tutulub. Bu isə kadr hazırlığı prosesinin diqqətəlayiq cəhətlərindən biri kimi xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, qatar maşinistlərinin hazırlığında tətbiq edilən trenajor tədrisin keyfiyyətini xeyli yüksəltməyə, virtual qəza-bərpa oyunlarının keçirilməsi ilə ekstremal hallarda vəziyyətdən çıxmaq üçün ən nümunəvi vəsaitdir. Tədris, imtahan, qəza-məşq proseslərinin nəticələrinin arxivləşdirilməsi isə hər bir maşinistin fərdi hazırlığını xüsusi nəzarət altında saxlamaqla, praktiki vərdişləri təkmilləşdirmək üçün ən münasib üsuldur.
Qeyd edilənlərlə yanaşı, mobil telefon, portativ elektron məhsullar, internet və digər bu kimi texniki imkanlar vasitəsilə audio-video dərslərin, mühazirələrin, praktiki məşğələlərin elektron konspektləşdirilməsi və metodiki bazanın yenidən qurulması istiqamətində mühüm tədbirlər görülür.
Bu stendlər, eyni zamanda, metropolitendəki peşələrlə maraqlananlara, əmək karyerasını bu nəqliyyat vasitəsinə bağlamaq istəyənlərə hərtərəfli məlumat verəcək. Başqa sözlə, yeni formatda fəaliyyət göstərəcək təlim-tədris mərkəzi həm də nümunəvi tədris məktəbi kimi də maraq doğuracaq", - deyə məlumatda qeyd edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-metropoliteni-nin-telim-tedris-merkezi-yeni-formatda-qurulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR