Paraqvaylı hücumçu: "Zirə" ilə yeni müqavilə bağlamaq istəyirəm"

Paraqvaylı hücumçu: "Zirə" ilə yeni müqavilə bağlamaq istəyirəm"
13:02 5 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

“Zirə” klubunun paraqvaylı hücumçusu Xulio Sezar Rodrigesin “Report”a müsahibəsi...
- Mövsümün ikinci yarısından Azərbaycanda çıxış edirsiniz. Ölkə və çempionat barədə təəssüratlarınız necədir?
- Hazırda şəhərə, komandama və futbolçu yoldaşlarıma uyğunlaşma dönəmindəyəm. Ətrafımdakı insanlar bu prosesi asanlaşdırır. Mənə nəvaziş və dəstəkərini əsirgəmirlər. Bakını çox bəyənirəm. Yeganə çətinliyim dillə bağlıdır. Ümumilikdə burada olmağımdan məmnunam.
- “Zirə”yə gəlməklə qarşınıza hansı hədəfi qoymusunuz?
- İlk məqsədim mümkün qədər tez uyğunlaşmaq idi. Ən mühüm olan isə komandaya impuls verməkdir. Xüsəsən də hücumçu üçün qol vurmaq böyük əhəmiyyət daşıyır. Bir neçə oyunda fərqləndiyimdən dolayı məmnunam və qollarımı davam etdirəcəyimə ümid bəsləyirəm.

- Artıq hesabınızda 3 qol var. “Zirə”nin oyun tərzi ürəyinizcədir?
- Kağız üzərində 3 qoldur, amma mənə görə 4 dəfə fərqlənmişəm. Təəssüf ki, XXI turda “Keşlə”yə vurduğum ilk qolu avtoqol kimi qələmə verdilər. Üzərimdə daha çox çalışmağım sayəsində qolların da gələcəyini düşünürəm.
- Klubla mövsümün sonuna qədər müqavilə bağlamısınız. Sözləşmənin müddətini uzatmaq istərdiniz?
- Təbii ki, istərdim. Rəhbərlik də istəsə, bu barədə mövsümün sonunda danışmaq olar. Hazırda əsas məsələ qələbələr qazanmaq, makismum xal yığmaqdır. Komanda yoldaşlarıma minnətdaram. Onların sayəsində özümü burada rahat və xoşbəxt hiss edirəm.
- Azərbaycanda çıxış edən yerli və əcnəbi oyunçulardan kimləri fərqləndirə bilərsiniz?
- Ad çəkmək istəmirəm. Bəli, bəzi futbolçular fərdi olaraq yaxşı keyfiyyətlərə malikdirlər. Ancaq futbol 11-11-ə oynanılan qarşılaşmadır. Fərdi yox, komanda şəklində çıxış etmək vacibdir.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Sensasiyaya ümid edirsiniz?
- Qələbə qazansaq, möhtəşəm olar. Rəqib də öz meydanında yalnız 3 xal üçün oynayacaq. bunu yaxşı başa düşürük. Hazırda yüksəlişdə olduğumuzu düşünürəm. Ötən tur “Səbail”ə 1:2 hesablı məğlubiyyət ani diqqətsizlikdən oldu. Təəssüf ki, son saniyədə standart vəziyyətdən buraxılan qolla uduzduq. Hər iki hissədə qələbə istəyimizi nümayiş etdirmişdik.
- Hazırda 48 xalla liderliyi bölüşən “Neftçi”nin, yoxsa “Qarabağ”ın oyununu daha çox bəyənirsiniz?
- Mənim üçün ən önəmlisi öz komandamızın oyunudur. Çox çalışmalı və elə etməliyik ki, rəqiblər bizə görə narahat olsunlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/paraqvayli-hucumcu-zire-ile-yeni-muqavile-baglamaq-isteyirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR