"Bizim üçün çətin oyun idi. Bilirdik ki, yaxşı əhval-ruhiyyədə olmaq üçün yaxşı da nəticə qazanmalıyıq. Ona görə də əlimizdən gələn hər şeyi edib qələbə qazandıq”.
"Report"un məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Davit Volkovi Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Gürcüstanlı cinah hücumçusu “Qəbələ”də ilk qolunu vurmasına toxunub:
“Bunun üçün bir az gözləməli oldum. Sevincliyəm, nəhayət tilsimi qırdım. Demək olar, iki il idi ki, bu cür meydanda oynamırdım. Süni meydançada çıxış eləmək çox ağırdı. Psixololji vəziyyət də bizim üçün yaxşı deyildi”.
Volkovi bu oyunda xüsusilə yaxşı çıxış etməsini isə belə şərh edib:
“Neçə oyundur qələbə qazana bilmirdik, ardıcıl heç-heçələr edirdik, “Qarabağ”a uduzmuşduq, ona görə də bu matça xüsusi motivasiya ilə çıxmışdım. Kuboku qazanmaq əsas hədəflərimizdən biridir. Futbolda hər şey olur, üçüncü yeri tutmaq istəyirik”.

***17:38
"Bu gün komandamız təzyiq altında oynadı. Yenə də oyunumuz ürəkaçan idi. Həmişəki problemdir, bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu.
Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandadakı psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik".
"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu məğlubiyyət komandaya nə dərəcədə psixoloji təsir edəcək?
- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdır - mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu, baş verəcək. 3 gündən sonra "Qarabağ"la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, baş məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. "Yuventus"u A Seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.
- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?
- Maliyyə problemi yoxdur. Maaşlarını bu günlərdə alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındır. Bu da futbolun yazılmayan qanunudur.
- Kamran Ağayevin durumu nə yerdədir?
- Əli gipsdədir, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandan sonra bilinəcək.
- Davud Kərimi onu əvəz edə bilirmi?
- Gəlin, bu haqda danışmayaq. Səhv hamınındır. Davudun təcrübəsi var. Rəqib ona qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.

"Qəbələ"nin legioneri: "Üçüncü yeri tutmaq istəyirik"