Bakı. Trend:
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dən Trend-ə verilən məlumata görə, qurum əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 6 nəfər Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Mayın 3-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıblar.
Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin