Füzuli, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsində hərbiləşdirilmiş estafet idman oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilən yarışlarda bütün kateqoriyalardan olan hərbçi qulluqçular iştirak ediblər. İki zona üzrə keçirilən yarışlarda “Əhmədalılar” və “Şahsevən” sərhəd zastavalarının komandaları qalib gələrək finala çıxıb.
Horadiz Sərhəd Dəstəsinin qarnizonunda təşkil olunan final yarışları maraqlı mübarizə şəraitində keçib. Hərbi qulluqçuların döyüş və fiziki hazırlığının, çevikliyinin nümayiş olunduğu final yarışlarında sərhədçilər silahın sökülüb-yığılması, dayaqda qolların bükülüb-açılması, uzanaraq gövdənin qaldırılması, 50 metr məsafəyə qaçış üzrə qüvvə və bacarıqlarını sınayıblar. Yarışda iştirak edən əsgər valideynləri övladlarının döyüş və fiziki hazırlığını seyr ediblər.
Yarışın qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.