Millət vəkilləri və jurnalistlər Xocavənddə hərbçilərlə görüşdülər (FOTO)

Millət vəkilləri və jurnalistlər Xocavənddə hərbçilərlə görüşdülər (FOTO)
14:48 10 May 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 may /Trend/

Ötən gün bir qrup jurnalist, millət vəkilləri və QHT rəhbərləri Xocavənd rayonu ərazisində yerləşən cəbhə bölgəsində olublar.

Səfər iştirakçıları öncə Xocavənd rayon icra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər. O, millət vəkilləri və jurnalistlərin səfərinin cəbhə bölgəsində qulluq edən hərbçilər və burada yaşayan insanlara böyük mənəvi dəstək kimi qiymətləndirib.

Daha sonra səfər iştirakçıları Xocavənd rayonunun ərazisindəki qədim yaşayış məskəni olan Nərgiztəpəyə gediblər. Nümayəndə heyətinin üzvləri burada rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaradılmış Şəhidlər abidə-xatirə kompleksini ziyarət edib. Qeyd olunub ki, memorial abidə-xatirə kompleksi Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılıb.

Səfər iştirakçıları həmçinin düşmənlə təmas xəttində qulluq edən hərbçilərlə görüşüblər. Zabit Elçin Kərimov da əsgərlərin böyük ruh yüksəkliyində olduğunu deyib, burada əsrgərlər üçün yüksək səviyyəli ərait yaradıldığını bildirib.

Səfər iştirakçıları həmçinin cəbhə xəttində yerləşən kəndə gediblər, sakinlərlə söhbət ediblər. Qeyd olunub ki, səfər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində baş tutub.

Layihənin rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı təmas xəttində hərbçilərlə görüşmək imkanı yaratdığına görə ilk öncə Müdafiə Nazirliyinə təşəkkür edib: “Milli maraqlarımıza xidmət göstərən layihələrə birmənalı olaraq dəstək verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə təşəkkür edirik”. Layihə haqqında məlumat verən E.Eyvazlının sözlərinə görə, məqsəd Prezidentin cəbhəyanı bölgələrlə bağlı sərəncamından irəli gələn öhdəliklərin həyata keçirilməsinə dəstək olmaqdır: “Hesab edirik ki, hər birimiz hansı sahədə çalışmamızdan asılı olmayaraq vətəndaş olmalıyıq”.

Millət vəkili Rövşən Rzayev xatırladıb ki, Nərgiztəpə ərazisi gərgin döyüşlər sayəsində işğaldan azad edilib: “Əminəm ki, işğal altında olan digər bölgələrimiz Prezidentimizin rəhbərliyi altında tezliklə azad olunacaq və biz Şuşaya mütləq gedəcəyik”.

Millət vəkili hərbçilərlə görüşdən təəssüratlarını da açıqlayıb: “Təmas xəttində yüksək təchizat və yüksək əhval ruhiyyə var. Təbii ki, biz müharibənin tərəfdarı deyilik. Amma Ermənistan torpaqlarımızı boşaltmasa, biz torpaqlarımızı başqa yollarla azad edəcəyik. Bu gün Birinci Avropa Oyunlarının məşəli Xocavənddə alovlanır. Çox yaxın zamanlarda bu məşəl işğal altında olan torpaqlarımızda yanacaq”.

Milli Məclis üzvü Flora Qasımova təmas xəttində hərbçilərlə görüşməkdən böyuk qürur hissi keirdiyini bildirib: “Bir daha əmin oldum ki, torpaqlarımızı işğaldan azad etməyə qadir ordumuz var. Hərçilərimizdə bu ruh böyükdür”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihənin baş tutmasında Müdafiə Nazirliyinin də böyük yardımı olub. Qarşıdakı aylarda layihə çərçivəsində daha bir neçə cəbhə bölgəsinə jurnalistlər və deputatların səfərləri təşkil ediləcək, hərbçilər üçün yaradılan şəraitlə bağlı ictimaiyyət məlumatlandırılacaq.

Bundan əlavə, layihənin məqsədi KİV-lərdə Dağlıq Qarabağ münaqişəsinə aid mövzuların işıqlandırılması ilə bağlı maarifləndirmə işləri aparmaq, bu sahədə yazan jurnalistlər şəbəkəsini formalaşdırmaqdan ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2393407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR