Bakı şəhərinin "Şamaxinka" ərazisində, İmperial şadlıq sarayının yaxınlığında Şimal rayonlarına sərnişindaşıma fəaliyyəti ilə məşğul olan taksilərin yolun bir hissəsini zəbt etməsi nəqliyyatın hərəkətində çətinliklər yaradır.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub. Bildirilib ki, ərazidə hər gün təkrarlanan bu vəziyyət həm hərəkət iştirakçıları üçün çətinlik yaradır, həm də nəqliyyatın normal axınına mane olur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq idarənin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ərazidə dayanma və durma qaydalarını pozaraq nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə mane olan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

"Şamaxinka"da taksilər yolu niyə zəbt edir? -

Fotoda: Toğrul Nəsirli

Onun sözlərinə görə, edilən xəbərdarlıqlara və tətbiq olunan inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları davam edir. Bu isə həmin ərazidə sıxlığın yaranmasına səbəb olur.

Toğrul Nəsirli sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.