"Zirə"nin hücumçusu: "Samir Abasova qışadək vaxt vermək olardı"

"Zirə"nin hücumçusu: "Samir Abasova qışadək vaxt vermək olardı"
19:12 3 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

"Heç bilmirəm necə başlayım. Çünki ilk yarıda pis oyun sərgilədik. Topu özümüzdə uzun müddət saxlaya bilmir, ələ keçirəndə isə yenidən rəqibə verirdik. Belə oyunu necə udmaq olar?"
"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Xulio Rodriges evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
29 yaşlı hücumçu bildirib ki, əvvəlki qarşılaşma ilə müqayisədə taktiki planda müəyyən dəyişikliyə əl atıblar: "Ötən tur "Sabah"a qarşı dördlü, bu dəfə beşli müdafiə taktikası ilə çıxış etdik. Bugünkü matçda orta sahədə bəzi problemlər yaranırdı. Hücum qurmaq üçün ehtiyat variantlarımız az idi. Məncə, "Sabah"a qarşı daha yaxşı oynamışdıq".
Paraqvaylı forvard "İlk yarıda qol imkanlarını sağa-sola xərcləyən "Sumqayıt"da çıxış etsəydiniz, qol vura bilərdinizmi?" sualını isə belə cavablandırıb: "Bunu mən deyə bilmərəm. Bunun üçün orada olmağım lazımdır. Həqiqətən haqlısınız. Çünki ilk yarıda rəqib 3-4 ideal qol şansından faydalanmağı bacarmadı. Müəyyən epizodlarda müdafiədən hücuma çıxmaqda çox böyük çətinliklərlə üzləşmişdik. Birinci hissədə bəxtimiz gətirdi ki, rəqib qol epizodlarından faydalana bilmədi".
Rodriges hücum xəttinə Riçard Qadzenin qaytarılmasından narahat olmadığını da söyləyib: "Bu barədə rahatam. Çünki 6 ay ərzində 11 qola imza atmışam. Düşünürəm ki, baş məşqçi Zaur Həşimov bunu nəzərə almalıdır. Görək, o, köməyimdən hansı dərəcədə yararlanacaq. Dekabradək gözləyəcəyəm".
Təcrübəli oyunçu "Zirə"dəki baş məşqçi dəyişikliyini gözlənilməz qarşıladığını bildirib: "Yüksək pillələr uğrunda mübarizə aparan komandalarla bizim aramızda kəskin fərq yox idi. Amma futbolda hər şey baş verə bilər. Səmimi desəm, qışa qədər gözləmək, Samir Abasova vaxt vermək olardı. Amma rəhbərliyin fikrinə hörmətlə yanaşmaq lazımdır".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-hucumcusu-samir-abasova-qisadek-vaxt-vermek-olardi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR