"Qadınlarımızın danışacağı çox şey var" - Fenomen - FOTO

"Qadınlarımızın danışacağı çox şey var" - Fenomen - FOTO
19:32 1 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Erkin Ergin: Bu günün insanları ən çox yıxılana, təhqir olunana gülür

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

İnsanları güldürmək çətindir. Düşündürərək, özlərini onlara olduğu kimi təqdim edib, necə varsansa elə göstərməyə çalışmaq isə ondan da çətindir. Bu baxımdan, yerli stand up ustalarımızın, eləcə də bloggerlərimizin üzərinə böyük yük düşür. "Fenomen" rubrikamızın qonağı Erkin Ergin də maraqlı ssenarilər yazaraq, onları tamaşaçılara fərqli şəkildə təqdim edir. Beləliklə, aktyor, blogger, vayner və stand up ustası Erkin Ergin bizimlə söhbətində internet resurslarının onlara yaratdığı imkanlardan danışdı. 
 
- Fenomen olmaq üçün çıxdığınız bu yolda gözləntiləriniz nələr idi?

- Əslində fenomen olmaq kimi bir gözləntim yox idi. Açığı, heç indi də düşünmürəm ki, çox izlənilən biriyəm və fenomenəm, böyük kütlə tərəfindən izlənilirəm. Əsas hədəfim, sadəcə rahat işləmək və bundan gəlir əldə etmək idi. Demək olar ki, bu hədəflərimə çatmışam. Ancaq hər dəfə bir hədəfimə çatdıqdan sonra növbəti hədəfim formalaşır. İndi daha çox öz PR-ım üçün çalışıram. 
 
- İzləyici toplamaq üçün ilkin olaraq hardan və necə başlamaq lazımdır?

- Hər şey istəkdən asılıdır. İlk növbədə bu işlə məşğul olan insanların necə, hansı üsulla məşhurluq qazandıqlarını araşdırmaq lazımdır. Ondan sonra da öz ideyalarını ilkin mərhələdə həyata keçirməyə başlamalıdırlar. Kütləyə özünü tanıtdıraraq, ssenarilərini gerçəkləşdirərək, tutduğun yolda iri addımlarla irəliləməyin lazımdır. Məşhur olduqdan sonra istədikləri şəkildə ssenarilərinə uyğun videolar çəkə və stand up söyləyə bilərlər. İnsan özünün düşündüyü məhsulu istədiyi şəkildə kütləyə "yedizdirməsi" üçün ilk növbədə tanınmalıdır. Bu da bir az zaman tələb edir. 
 
- Əvvəllər məşhur insan dedikdə, ya xalq, ya da əməkdar artistlər nəzərdə tutulurdu. İndi isə məşhurluq İnstaqramda daha çox izləyici sayı ilə ölçülür.

- Təəssüf ki, bu, həqiqətdir. Əvvəllər aktyorlar özlərini televiziya və ya filmlərdə göstərirdilərsə, indi onlara bu meydanı sosial şəbəkələr yaradır. Peşəkar aktyorların əksəriyyəti sosial şəbəkədə o qədər də aktiv deyillər. Onlar dövrün tələblərinə cavab verən şəbəkələrin aktiv iştirakçıları olmalıdır ki, işləri, istedadları görünsün. O zaman izləyicinin də peşəkar və qeyri-peşəkar arasında müqayisə etmək vərdişi formalaşar. Bu gün peşəkar aktyorlar sosial meydanı boş qoyurlar. Onlar dövrlə, zəmanə ilə ayaqlaşmalıdırlar.
 
- Sizcə, vayner yaxşı aktyor ola bilərmi?

- Vaynerin izləyicisinin çox olması onun peşəkarlığının göstəricisi deyil. Sadəcə, nə qədər çox sevildiyindən xəbər verir. Meydan boş qaldıqda, istedadı az olan insanlar daha tez məşhurlaşırlar. Belə olduğu halda, istedadlıların gördükləri işlər kölgədə qalır. Demirəm ki, onlar sosial şəbəkəyə gəldikləri gündən tutarlı olacaq. Ancaq müəyyən bir vaxtdan sonra peşəkarlıq öz sözünü deyir. 

- Sizcə, nə üçün bizdə qadın stand up ustaları yoxdur?

- Qadın stand up ustalarının olmamasının səbəbi bizim bu sənətə sırf yumor kimi yanaşmağımızdan irəli gəlir. Əslində, qadınlarımızın danışacağı çox şey var. Stand up yumor üzərindən qurulmuş bir şey deyil. Fikrini səsləndirir və ona yumor da qatır ki, bir qədər maraqlı olsun. Yumor hissi olan qadınlarımız var. Əslində cəhd etsələr, bu, onlarda çox yaxşı alınar. Sadəcə, istək yoxdur və bizdə bu sahədə ixtisaslı prodüser çatışmazlığı var. Prodüserlər tamam başqa işlərlə məşğuldur.
 
- Bizdə isə stand up yalnız Cem Yılmazın söylədiyi monoloqlar hesab edilir. Əslində isə, bu, tam olaraq stand up deyil.

- Cem Yılmaz bu günün stand up ustalarına çox yaxşı nümunədir. Əgər izləyicilər stand up-ın marağındadırlarsa, onlar bir nəfərlə kifayətlənməməlidirlər. Rusiya, Amerika stand up ustalarını  izləməlidirlər. Biz o stand upları izləyib, sonra onları özümüzünküləşdirməliyik. İzləyici təbilik tələb etsə də, ancaq onu qəbul etmir. 
 
- Belə hallarla çox tez-tez rastlaşırıq və çox zaman da özümüzü bəyənmirik.

- Bu, bizim yaralı yerimizdir. Əslində, bəyənməmək çox asandır. Biz dəyər verməyə ilk növbədə özümüzdən başlamalıyıq. Təbii ki, Cem Yılmazı bəyənirəm, ancaq türk dilində stand up dinləmək üçün 700 manat biletə pul verən tamaşaçının öz stand up ustasına 30-40 manat pul verməməsi mənə çox təsir edir. Hansı ki, Azərbaycan stand up ustaları öz ölkəsində baş verən problemlərdən, özümüzdən, bizi  biz edən özəlliyimizdən bəhs edir. Biz nəyə görə gözləməliyik ki, xaricdən bir nəfər gəlib, bizə "ay balam", "balalar, gəlirəm" kimi səslənsin. Məgər biz balayıq? Hesab edirəm ki, içimizdə olan biri bizi bizə daha yaxşı göstərə bilər. Biz bu dəyəri insanlara aşılamalıyıq.

- Bu günün insanı hansı mövzulara daha çox gülür?

- Bu günün insanları ən çox yıxılana, təhqir olunana gülür. Amma bu o demək deyil ki, insanları ancaq ucuz və yüngül gülüş maraqlandırır. Keyfiyyətli bir məhsula gülən kontingentimiz də var. Bu gün cəmiyyətimizin başına gələn neqativ halları kimsə səsləndirəndə, ona gülürlər.

- Bəs siz kimləri izləyirsiniz və kimlərə gülürsünüz?

- Daha çox amerikan stand up ustalarını izləyirəm. Rus və türk komediya ustalarına da nəzər yetirirəm. Bunlarla bərabər, yerli bloggerlərdən Taleh Yüzbəyovu, Əlixan Rəcəbovu izləyirəm. Çalışıram, hər kəsi izləyim ki, məlumatlı olum. Əgər bu işin içindəyəmsə, qaynadığım qazanda kimlərin olduğunu bilməli, ən zəif bloggerdən tutmuş, ən güclüsünə qədər hər birinin işi ilə tanış olmalıyam.  
 
- Ən çox baxış sayınız nə qədər olub?

- Ən çox baxılan videom milyonu keçib. Ancaq həmin videonu müəyyən müddətdən sonra silmişəm. Məndə qəribə bir xasiyyət var ki, özümü yeniləməyi sevirəm və il ötdükcə köhnə videolarımı bəyənməməyə başlayıram. Bilirəm ki, bu çox pis bir xüsusiyyətdir. Sanki karyeramı yenidən başlayıram. Keçmişimə qarşı bir az kompleksim var. Köhnə videolarıma baxanda düşünürəm ki, orda çox səhvlər etmişəm. İndi bu fikri daha yaxşı səsləndirərəm - deyə düşünməyə başlayıram. Bəzən də tamaşaçı məni həvəsdən salır. Ən çox baxış yığan videom Formula-1 yarışları ilə bağlı çəkdiyim video olub.
 
- Erkin Ergin yaxşı vaynerdir, aktyordur, video bloggerdir, yoxsa stand up ustasıdır?

- Bir az şablon səslənsə də, hər şeydən öncə insani keyfiyyətlərə malik olmaq lazımdır. Nəyisə etmək istəyirəmsə, buna görə özümü sıxmıram. Özümü hansısa peşənin içində saxlamaq istəmirəm. Bəlkə də gələcəkdə həkim, memar ola bilərəm. Özümə hər hansı bir qadağa qoymamışam ki, sən sadəcə aktyor olmalısan. Mən hər an dəyişə bilərəm. 
 
- Sosial şəbəkədə özünüzü çox azad hiss edirsiniz, yoxsa sizin özünüzün də öz çərçivələriniz var?

- Sosial şəbəkədə çox rahat və azad biriyəm. Məni çərçivəyə ancaq tamaşaçı rəyi, mentalitet sala bilər. Bunlar məni tam olaraq sıxmır, ancaq ən böyük maneəm də elə bunlardır. Xarici videoları izləyəndə görürəm ki, biz həm düşüncə baxımından və həm də digər məsələlərdə onlardan çox geri qalırıq.

- Sizcə, bu gün Youtube televiziyanın "çörəyini" əlindən alıbmı?

- Almayıb, ancaq ona doğru gedir. Bizim reklam şirkətlərinin sosial şəbəkə həyatı çox zəifdir. Böyük şirkətlər var ki, onların rəhbərləri yaşlı insanlardır. Onlar hələ də televiziyalara pul tökürlər. Ancaq PR sahəsində çalışan bir az gənc, müasir düşüncəli reklamla məşğul olan insanlar görürlər ki, real nəticə ala biləcəkləri yer sosial şəbəkələrdir. Bu şirkətlər daha çox internetə yatırım edirlər. Bloggerlərlə işləyirlər, Youtube-da sponsorluq edirlər. Sponsorların demək olar ki, hamısı internetə cəlb olunsa, televiziyanın aktuallığı itəcək. İstənilən halda televiziya öz tamaşaçılarını itirib. Bugünkü tamaşaçının əlində telefonu var, istədiyi filmə, verilişə özünün istədiyi vaxtda baxma imkanına malikdir. Bu tamaşaçı çox məntiqli və düşünən tamaşaçıdır. Televiziyada standart xəbər izləməkdənsə, o xəbərləri telefon vasitəsi ilə hər kəs öz maraq dairəsinə uyğun izləmək imkanına malikdir. 
 
- Həm də sosial şəbəkələr istedadlı insanlara çox geniş imkanlar təqdim edir...

- Hər bir televiziyanın özünəməxsus senzuraları var. Belə ki, "bu sözü efirdə demək olmaz", "efirdə belə hərəkət yolverilməzdir" və sair. Sosial şəbəkələrdə isə belə qadağalar yoxdur. Hər şey sənin öz əlindədir. Tamaşaçıya məhsulunu istədiyin şəkildə təqdim etmək imkanına maliksən. Heç kimdən asılı deyilsən. Misal üçün, ssenarini yazırsan, bunu redaktor aparıb baş redaktora göstərmir. Axı sən hansı meyarla deyə bilərsən ki, bu ssenari çox pisdir? Televiziyada bəzən deyirlər ki, bu veriliş daha çox reytinq verdi. O reytinq də bəzən şübhə doğurur. Bizə reytinqli veriliş kimi sırınan verilişlər tamaşaçı tərəfindən bəyənilmir. Ancaq sosial şəbəkədə onun kimlər tərəfindən izlənildiyini, nə qədər maraq kəsb etdiyini bilmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/804671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR