Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransın bir qrup iştirakçısı ilə görüşüb (FOTO)

Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransın bir qrup iştirakçısı ilə görüşüb (FOTO)
20:50 2 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mədəniyyət naziri Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya, Özbəkistan və Qazaxıstandan qonaqları qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev qonaqları salamlayaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti haqqında məlumat verib.

Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları ilə sıx əməkdaşlıq qurduğunu bildirən nazir Memarlıq və İncəsənət İnstitutu ilə əlaqələri xüsusi qeyd edib. Bildirib ki, dünyada memarlıq irsinin qorunması üzrə tələblər artıb. Bu gün fərqli mədəniyyətlərin bir araya gəlməsi diqqət mərkəzindədir. Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb, bu təşəbbüsün artıq qlobal platformaya çevrildiyini vurğulayıb.

Sovet dönəmində mədəniyyət siyasətinin xüsusiyyətlərinə toxunan nazir müasir dövrdə oxşar çətinliklərlə üzləşən post-sovet ölkələrinin qloballaşmanın diktə etdiyi rəqəmsal transformasiyaya uyğunlaşmalı olduğunu və kreativ sənayelərə daha çox diqqət ayırmaqla yeni konseptual yanaşmaların tətbiqinə ehtiyac yarandığını bildirib. O, ölkəmizdə bu istiqamətə həyata keçirilən layihələr haqqında məlumat verib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans barədə danışıb. Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən elmi tədbir müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirib.

Qonaqlar da öz növbəsində ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin, həyata keçirilən müxtəlif layihələrin onların marağına səbəb olduğunu diqqətə çatdırıblar.

Rusiyanın Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov iqtisadi elitanın, maliyyəçilərin ölkənin yaradıcı elitası ilə təmasının inkişaf etdirilməsinin XXI əsrdə mədəniyyətin sənayeləşməsinə və özəl sektor tərəfindən dəstəklənməsinə müsbət təsirindən danışıb.

Sonda Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev qonaqlar adından səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, xatirə hədiyyəsi təqdim edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3157637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR