Muğam Mərkəzində Xalq artisti Əbülfət Əliyevin xatirəsi anılıb (FOTO)

Muğam Mərkəzində Xalq artisti Əbülfət Əliyevin xatirəsi anılıb (FOTO)
05:29 21 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 20- də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə, Xalq artisti Əbülfət Əliyevin xatirəsi anılıb.

Trend-in məlumatına görə, Muğam Mərkəzini “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə görkəmli xanəndənin ömür yolundan və Azərbaycan muğam sənətinin təbliğindəki xidmətlərindən bəhs olunub.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Əbülfət Əliyev haqqında ətraflı məlumat verib.

Bildirilib ki, 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açan Ə. Əliyevin uşaqlıq illəri Cıdır düzü, Bazarbaşı məkanlarında təşkil olunan məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.

Sonradan Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti olub və o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.

Qeyd edilib ki, 1957-ci ildə ilk dəfə Opera və Balet Teatrının səhnəsinə çıxan Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.

Bildirilib ki, Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

Gecədə Əbülfət Əliyevə həsr edilmiş videoçarx nümayiş edilib.

Xalq artisti, tarzən Vamiq Məmmədəliyev sənətkarla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığına nəzər salıb.

Gecədə gənc xanəndələrin ifasında xalq mahnıları və muğamlar səslənib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3167065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR