Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən "Report"a verilən məlumata görə, fevralın 18-də Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
***12:42
Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 47 ünvanında qeydə alınıb.
Belə ki, çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları gəliblər.
FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, baş verən yanğın söndürülüb.
İlkin məlumata görə, yanğın nəticəsində mənzildə olan çarpayı yanıb, yanğın Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən mühafizə olunub.