“Sharp Aquos R5G” smartfonu təqdim edilib

“Sharp Aquos R5G” smartfonu təqdim edilib
15:35 18 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Sharp Aquos R5G” smartfonuna 6,5 düymlük 3168x1440 piksel təsvir ölçülü QHD IGZO matris quraşdırılıb. Qurğunun ekranı 120 hers yeniləmə tezliyini dəstəkləyir, ekranın maksimal parlaqlığı isə 1000 nit təşkil edir. “Sharp” şirkətinin nümayəndələri bildiriblər ki, ekranın parlaqlığı görüntüdən asılı olaraq avtomatik tənzimlənir.

 

“Aquos R5G” smartfonu yeni “Qualcomm Snapdragon 865” prosessoru, 12 QB əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilib. Qurğunun əsas kamerası 4 sensordan ibarətdir: 12 mp, 48 mp, 12 mp və ToF sensor. 8K formatında video çəkilişi mümkündür. Ön kameranın təsvir ölçüsü 16 mp təşkil edir. Qurğunun daxili akkumulyatorunun tutumu 3730 milliamper/saat təşkil edir.

 

“Sharp” şirkəti biometrik autentifikasiya vasitəsi kimi ekranın aşağı hissəsində ayrıca bir yerdə barmaq izi skaneri quraşdırıb. Bundan başqa, qurğu NFC moduluna, “IP68” standartına uyğun olan su keçirməmək qabiliyyətinə, həmçinin yeni “Wi-Fi 6” standartına malikdir.

 

Bu ilin yazında satışa çıxarılacaq sözügedən smartfon üç rəngdə əlçatan olacaq: göy, qara və ağ. İstehsalçı hələ ki “Sharp Aquos R5G” aparatının dəyərini açıqlamayıb.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-66499-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR