Aktyor olmaq asandır, insan olmaq çətin

Aktyor olmaq asandır, insan olmaq çətin
07:42 4 Mart 2020
Ölkə mətbuatı
A- A+

Səhnə yoldaşları Ağaxan Salmanlı haqda: "Bu dəfə həmin tamaşanı onsuz oynadıq, səhnədə olanda gözümüz kulisdə idi, onu axtarırdıq"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bütün dünyanı koronavirus xəbərlərinin bürüdüyü fevral ayını yola verib, marta qədəm qoymaq istəyirdik ki, üzücü bir xəbər aldıq. Fevralın 29-da xalq artisti Ağaxan Salmanlı həyata gözlərini əbədi yumdu. Azərbaycan mədəniyyətinin, teatr və kinosunun itirdiyi ustad sənətkar 78 yaşında bu dünya ilə vidalaşdı. Xalq artisti ölümündən bir gün qabaq sevimli nəvəsinin toy məclisində iştirak edib, orada doyunca oynamışdı, bu günü çoxdan gözlədiyini və hər kəsin evində belə sevincli günlərin olmasını arzu etmişdi. 

Nəvə toyu görmək arzusuna çatan sənətkar, toyun səhərisi günü oğlu Mətinlə zəngləşib, onlara getdiyini söyləyib. Son telefon danışığından cəmi beş dəqiqə sonra isə həyata gözlərini əbədi olaraq yumub...

Oğlu Mətin Salmanlı deyir ki, xalq artisti özünü həmin gün yaxşı hiss edirdi: "Səhər əhvalı yaxşı idi. Avtobusda olanda zəng etdi, dedi ki, sizə gəlirəm, bir az oturub, çay içib teatra məşqə gedəcəm. Üç dəqiqə keçdi və zəng gəldi ki, atanızın halı yaxşı deyil, hazırlaşıb evdən çıxırdım ki, növbəti zəngdə dedilər, artıq vəfat edib. Doğrudur, valideyn itkisi ağırdır, amma Ağaxan Salmanlı kimi atanı itirmək daha çox ağırdır. Hər zaman deyib-gülürdü, şikayət etmirdi. Elə heç kimə əziyyət vermədən də bu dünyadan köçdü".

Ağaxan Salmanlı sənətə gəldiyi ilk gündən teatr ictimaiyyətinin diqqətini çəkməyi bacaran aktyorlardan olub. Lirik-psixoloji ovqatlı, fəci-dramatik, eyni zamanda komik və xarakterik obrazların mahir ifaçısı kimi özünü göstərərək insanların sevgisini qazanmağı bacarıb.

İstedadlı aktyor obrazların daxili dünyasına ağılla müdaxilə edir, onların mahiyyət və psixoloji durumunu dəqiq mənimsəyir, sonra ifa prosesini yaşayırdı. Buna görə də onun bütün psixofizioloji durumu obrazların konseptual və praktik durumu ilə tarazlaşırdı. Ağaxan Salmanlının təcəssümündə Kərbəlayi Mirzəli (C.Məmmədquluzadə. "Danabaş kəndinin məktəbi"), Məcid (N.B.Vəzirov. "Dələduz"), Romeo (U.Şekspir. "Romeo və Cülyetta"), Cəfər Cabbarlı (Seyfəddin Dağlı. "Aydınlığa doğru"), Səməd (İ.Qasımov, H.Seyidbəyli. "Sən nə üçün yaşayırsan?"), Artur (Eteri Voyniç. "Ovod"), Hacı Murad (S.S.Axundov. "Tamahkar") və s. obrazlar tamaşaçılar tərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdı.
 
Aktyorun ölümünə sarsılan sənət yoldaşları xalq artistini unutmayacaqlarını deyirlər. Mərhum sənətkarla eyni teatrda çalışan rejissor Gülnar Hacıyeva bildirir ki, Ağaxan Salmanlı insanların qəlbində taxt qurub, onların xatirəsində əbədi olaraq enerjili, şən və pozitiv biri kimi qalacaq: "İnsan dünyanın ən uca titullarına sahib ola bilər, amma əgər sözün əsil mənasında keyfiyyətli insan, şəxsiyyət ola bilmirsə, o titullar, qazandığı mükafatlar sabun köpüyündən başqa bir şey deyil. Bu dünyada yaxşı insan olmağı bacarmaq lazımdır. Ağaxan müəllim yaxşı insan olmağı bacaranlardan idi. Hər zaman mənə məsləhətlər verirdi, problemlərimi onunla bölüşürdüm. Onu hər zaman yaxşı insan kimi xatırlayacam və rəhmətlə yad edəcəm. A.Salmanlı gənclərə dəstək olur, məsləhətlər verir, kömək edirdi. Oynadığı tamaşalarda özünəməxsus ifa tərzi vardı. Sözün əsil mənasında peşəkar sənətkar idi. Sənətini sevən, sənətinə hörmət edən bir sənətkar kimi  Gənc Tamaşaçılar Teatrı onu heç vaxt unutmayacaq. Yeri hər zaman görünəcək".
 
Rejissor dünyasını dəyişən yaşlı sənətkarların əvəzolunmaz olduqlarını vurğuladı: "Bəzən deyirlər ki, yeni gənc nəsil yetişir, korifey sənətkarlarımızın yerini gənclər doldurur. Gənc nəsil nə qədər istedadlı olursa-olsun, heç kimin yeri doldurulmaz. Ağxan Salmanlını, Yaşar Nurini, Səyavuş Aslanı əvəz edəcək kimsə yoxdur". 
 
Aktyor Natiq Fərzəliyev mərhum sənətkarı optimist, xeyirxah biri kimi xatırlayacağını qeyd edir: "Onunla gözəl günlərimiz olub. Ağaxan Salmanlı gənclərə çox dəstək olurdu, onlara  tövsiyələr edir, yol göstərir, birlikdə zaman keçirirdi. Teatrda fəaliyyət göstərən bəzi gənc nəsil nümayəndələri onun tələbələridir. Ətrafı ilə yaxşı münasibət saxlamağı bacaran, enerjili insan idi. Daim səhnədə olmaq, maraqlı obrazlar yaratmaq istəyirdi. Həm aktyor, həm də rejissor kimi çalışırdı. Sözünü demiş istedadlı sənətkarlarımızdan idi. Yoldaşlıqda, dostluqda, münasibətdə yaxşı insan idi. Ölümündən 2 gün öncə məşqimiz vardı. Ağaxan müəllimin quruluş verdiyi "Tıq-Tıq xanım" tamaşasında onunla dublyor idik. Zəng edib dedi ki, bu dəfə tamaşa 75-ci dəfə oynanılacaq. Bu da yubileydir. Sənin növbən olsa da, icazə ver, bu dəfə yerinə mən oynayım, amma sən yenə də tamaşaya gəl. Dedim ki, sən oynayırsan, mən niyə gəlim? Dedi ki, gəlib səhnəyə çıxarsan, tamaşaçılara deyərsən ki, bu tamaşanı 75-ci dəfə oynayırıq. Dedim ki, gələrəm. Amma yubiley tamaşada oynamaq ona qismət olmadı. Heç kimə əziyyət vermədi, sakit şəkildə bu dünyadan köçdü. Bizsə o tamaşanı oynadıq. Ruhu şad olsun".

Aktrisa Günel Məmmədova mərhum sənətkarla uzun müddətdir ki, birlikdə çalışdıqlarını, onun mülayim xasiyyətə malik bir insan olduğunu bildirdi: "Ağaxan Salmanlı teatra ilk gün gəldiyimdən mənə dəstəyini əsirgəməyib. 2 gün bundan qabaq onun rejissorluq etdiyi "Tıq-Tıq xanım" tamaşasını 75-ci dəfə oynadıq. Yubiley tamaşasında oynamağı çox istəyirdi. Bu ona qismət olmadı. Biz bu yubileyə öncədən hazırlaşırdıq, həmin günü qeyd etməyi düşünürdük. Tamaşanı biz oynayanda, o, kulisdən izləyib, ləzzət alırdı. Biz bu dəfə həmin tamaşanı onsuz oynadıq, səhnədə olanda gözümüz kulisdə idi, onu axtarırdıq".
 
Aktrisa, A.Salmanlı ilə eyni səhnəni bölüşdüyü üçün özünü xoşbəxt hesab edir: "Çox xoşbəxtəm ki, onun yubileyində aparıcılığı mənə həvalə etmişdi. Aktyor olmaq asandır, amma insan olmaq çətindir. O həm yaxşı aktyor, həm də yaxşı insan idi. Sənətsevər, səhnəsevər idi. Tamaşaları sevərək oynayırdı, məsuliyyətli idi, hər zaman roluna hazır idi. Onunla çox qastrol səfərində, tədbirlərdə, çəkilişlərdə olmuşuq. Onun ölümü bizə təsir etdi, həyatsevər insanın birdən-birə yox olması çətin gəlir".  

Ölümündən bir gün sonra onun quruluş verdiyi "Tıq-tıq xanım" tamaşası 75-ci dəfə nümayiş olundu. Tamaşadan sonra teatrın aktyoru, əməkdar artist Elnur Kərimov "Facebook" səhifəsində ilk dəfə onsuz oynadıqları bu tamaşanı ona həsr etdiklərini yazdı: "Kövrəldik. Hər zaman kulisdən bizə baxıb, oyunumuzdan həzz aldığın o yer boş idi. Gözümüz səni axtardı. Sənsiz bu tamaşanın yubileyini də qeyd edə bilmədik. Yerin behişt olsun".
 
Onunla sonuncu dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümə yeni başlayanda, "Tıq-Tıq xanım" tamaşasında görüşmüşdük. Tamaşanın başlamasına yarım saat qalmış kulisə keçmişdim. Narazılıq edirdi, geyimlərlə bağlı narazılığı vardı. Kefinin olmadığını görüb, "sənətkar, niyə narazısınız" deyə sual verdim. Əlindəki xalatı göstərib, "necə yaxşı olum e, axı Xan bu paltarı geyinməz" dedi. "Ağaxan müəllim, gəlin, bir şəkil çəkdirək, kefiniz yerinə gəlsin" deyib əhvalını düzəltmək istədim. "Kefim olmayanda, şəkildə pis düşürəm. Güləndə də hiss olunur ki, yalandan gülmüşəm" deyərək xalatını geyinməyə başladı. Onunla hər görüşümüzdə  teatra tamaşaçı marağından söhbət salırdım. Deyirdi ki, tamaşaçı incəsənətə mənəvi ehtiyac kimi yanaşsa, bunu çörəyə-suya olan ehtiyac kimi qəbul etsə, incəsənəti də məişət qayğıları siyahısına daxil etsə, tamaşa zalı heç vaxt boş qalmaz: "Məişət qayğıları bitib-tükənən deyil. Həyatını təkcə məişət qayğılarına həsr edən insan, mənəviyyatdan geri qalar. Belə halda, ona teatr da gərəksiz olur. Tamaşa zalının boşluğu aktyor üçün fəlakətdir. Sıxıntıdır... Susuz akvariumdur..."
 
Sevgi dolu bir insan idi, Ağaxan müəllim. Sevgidən danışanda gözlərinin içi parıldayırdı: "Bilirsən qızım, sevgi elə bir hissdir ki, özünə qarşı hörmət istəyir. Həyat mənalıdır. Sevgi olmasa, əlbəttə, həyat boş olar. Həyatın özü sevgidir. Oğlanla qız bir-birini sevir. Ümumiyyətlə, gül toxumsuz bitməz. Hətta heyvana sevgi göstərirsən, o da istər-istəməz, sevgisini sənə bildirir".
 
Anidən əsəbiləşməyi də vardı. Haqsızlıq, yalan görəndə, od püskürürdü. Belə anlarda onu  sakitləşdirmək asan olmurdu. Haqsızlıqla barışmazdı.

Onun haqqında keçmiş zamanda danışmaq nə qədər çətin olsa da, Azərbaycan teatrının onu unutmayacağı ilə təskinlik tapırıq. 

Allah rəhmət eləsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/830644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR