Ağır sınaqdan uğurla çıxa biləcəyik - Fəzail Ağamalı

Ağır sınaqdan uğurla çıxa biləcəyik - Fəzail Ağamalı
17:58 7 Aprel 2020
182 Digər
Ölkə mətbuatı
A- A+

Dünya miqyasında ciddi bəlaya çevrilən Koronavirus pandemiyası hələ də ağır itkilər verməkdədir. Bu dəhşətli pandemiyanın əhatə dairəsinin içərisində təəssüf ki, Azərbaycan da yer almaqdadır. Ancaq cənab prezidentin çevik və qabaqlayıcı tədbirlərə dərhal start verməsi ölkəmizdə baş verə biləcək daha böyük fəlakətlərin qarşısını ala bildi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, dövlət başçısı aprel ayının 6-da Sumqayıt Kimya Sənaye parkında qoruyucu tibbi maska istehsal edən müəssisənin açılışında bir daha Covid-19 virusuna qarşı həyata keçirilən tədbirlərin təhlilini verdi, mövcud durum və qarşıda duran vəzifələrin üzərində dayandı:

"Ölkə prezidenti qeyd etdi ki, həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, aparılan çoxsaylı test və onun verdiyi üstün yekunları əhalinin maariflənməsində tətbiq olunan metodologiya bütövlükdə özünün əhəmiyyətli nəticələrini verdi.

Son aylarda Bakıda, Goranboyda, Tovuz və Qazaxda istifadəyə verilən müasir tipli 1000 çarpayılıq xəstəxanalar, dörd və beş ulduzlu otellər, Olimpiya kəndi, İstirahət mərkəzləri pandemiyaya qarşı mübarizə meydanına çevrildi.

Xaricdə yaşayan 15 mindən çox soydaşımız qısa zaman kəsiyində Vətənə gətirildi, onların təsnifatı aparılaraq 4500 nəfəri karantinə yerləşdirildi, 45 000-dən çox vətəndaşımız testdən keçirilərək, virusa yoluxanlar dəqiqləşdirilərək, müalicəyə cəlb olundu. Ölkədə qoruyucu tibbi maskasının çatışmazlığını aradan qaldırmaq üçün qısa zaman kəsiyində maska istehsal edən müəssisə istifadəyə verildi. Eyni zamanda dezinfeksiya maddələrinin də istehsalı başlandı.

Cənab prezident qoruyucu tibbi maskalarla bağlı süni qiymət artımını yaradanlara qarşı qətiyyətli mübarizə aparacağını və görülən qabaqlayıcı tədbirlərin, martın sonundan tətbiq olunan xüsusi karantin rejiminin aprelin 5-dən sərtləşdirilməsinin vacibliyini önə çəkdi və yaxın günlərdə Bakıda və regionlarda ən müasir yeni klinikaların tikintisinin başlanacağını və tezliklə istifadəyə veriləcəyini deməklə, virusa qarşı mübarizədə ciddi və sərt mövqeyini bir daha nümayiş etdirdi".

Fəzail Ağamalı qeyd edib ki, dövlət başçımız pandemiyanın dünya iqtisadiyyatına vurduğu ciddi zərbənin üzərində də dayanaraq, ölkəmizi ağır iqtisadi itgilərdən qorumaq üçün ayrılan 2,5 milyard manatın səmərəliyini, 600 min insanın əmək haqqının böyük hissəsinin dövlət tərəfindən veriləcəyini, sahibkarlara ediləcək köməyin və eyni zamanda müavinətlərin ödənilməsilə bağlı məsələlərin də üzərində dayanaraq başlıca vəzifənin vətəndaşlarımızın sağlamlığını, onların həyat səviyyəsinin yüksəldilməsini hər şeydən üstün olmasını xüsusi olaraq vurğuladı:

"Xalqımızı bir daha məsuliyyətli, nizam-intizamlı olmağa, qoyulan məcburi qadağalara əməl etməyə, özlərini, övladlarını, yaxınlarını virusdan qorumağa səslədi.

Dövlətimiz pandemiyanın törədə biləcəyi fəlakətlərdən ən az itkiylə çıxmaq üçün bütün vacib olan tədbirləri həyata keçirməkdədir.

Xalqımız Cənab Prezidentimiz, İlham Əliyevin və Birinci Vitse-Prezident Xanım Mehriban Əliyevanın çağrışlarını yüksək dəyərləndirməkdə, Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməkdədir.

Əminəm ki, dövlət xalqımızı, xalqımız isə dövlətimizi gözlənilən ağır sınaqdan uğurla çıxara biləcəkdir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR