Bakıdakı çəkməçi ilə Amerika prezidenti eyni hissləri bölüşür - Məşhurlarla KORONA SORĞUSU

Bakıdakı çəkməçi ilə Amerika prezidenti eyni hissləri bölüşür - Məşhurlarla KORONA SORĞUSU
15:33 14 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası dünyanı lərzəyə salmağa davam edir. İnsanlar karantin rejimində öz fəaliyyətlərini təşkil edir və pandemiyanın təsirini itirəcəyi günü səbrsizliklə gözləyirlər.

Publika.az olaraq ədəbiyyat nümayəndələrinin bu dönəmdə yaradıcılıqla məşğul olub-olmaması ilə bağlı sorğu keçirdik.

Xalq şairi Nəriman Həsənzadə yeni poemasının dərc olunduğunu və koronavirusla bağlı yazmaq istəmədiyini dilə gətirdi: "Bütün yaradıcı adamlar evdə oturduğu müddətcə nəsə yazır, yaradır, elə mən də. Dünyada baş verən kritik hadisələrlə bağlı həyəcanlı xəbərlər gəlir, narahatlıq keçiririk. İnsan insana belə qəsd etməz, amma bu virus dünyanı öz caynağına keçirib. Koronavirus haqqında bir şey yazmaram. Çünki poeziya mövzusu deyil.

Bir poemam bu yaxınlarda ədəbiyyat saytında dərc edilib. 1991-ci ildə yazdığım əsərdir. 29 il əlyazmalarımın arasında qalıb. Bir az əl gəzdirib, yeni nəfəs verdim. Hadisələr Xalq şairi Xəlil Rza Ulutürklə mənim gənclik və tələbəlik illərimizdən bəhs edir. Biz iki rəfiqə ilə ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda artıq xanımım dünyasını dəyişmişdi. İndi də Ulutürk dünyada yoxdur".

Qeyd edək ki, fotodakı şəxslər Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və onların həyat yoldaşlarıdır. 1962-ci ildə, tələbə ikən Moskvada çəkilib.

"Gözüm o gözlərdə qaldı” poemasından bir hissəni təqdim edirik:

Proloq əvəzi:

Qarşımda bir şəkil var,
arada neçə il var.
Neçə payız, neçə qış:
orda saçlar qaraydı,
burda saçlar ağarmış.
Orda vüsal danışır,
burda həsrət, ayrılıq.
Ordakı “mən deyiləm”,
burdakı mənəm artıq.
Arada bir Araz var,
içimdə etiraz var.
Üz-üzə iki sahil! –
çağır, eşidən deyil.
Xəlil!
Sara!
Firəngiz!
Üçü də doğma, əziz.



Yazıçı Şərif Ağayar karantin dönəminin mistik ab-hava yaratdığını və bu pandemiyanın dünyanı müəyyən mənada yeni bir dizayna salacağını qeyd etdi: "Evdən işləyirik, ona görə elə də boş vaxtım yoxdur. Ancaq nə qədər olmasa vaxt tapılır. Karantində hekayələr kitabımın son variantını oxudum və demək olar ki, çapa hazırdır. Bundan əlavə, növbəti kitabım üçün faktlar, məlumatlar toplayıram. Bu aralar elmi mövzuda sənədli filmlərə baxıram. Mütaliə isə mütəmadi davam edir.

Konkret olaraq koronavirusla bağlı nəsə yazmaq fikrim yoxdur, ancaq Bakının bu cür səssizliyi içimdə böyük bir ədəbiyyat əhvalı yaradıb. Bir statusda qeyd etmişdim ki, Bakı işğaldan öncəki şəhərləri xatırladır. Yəni o xof içimdə var. Söhbət təbii ki, işğaldan getmir. Bu, başqa bir bəladır. Sanki dünyanın F5 düyməsi basılıb, yenilənmə prosesi gedir.

Ədəbi yaradıcılığın özünəxas xüsusiyyətlərindən biri də budur ki, sənə hansısa hadisə təsir edir və ona dəxli olmayan yazı qələmə alırsan. Pandemiya əhvalı misal üçün, insana yalqızlıq, tərk edilmə mövzusunda da nəsə yazdıra bilər. Ümumi olaraq özümdə və yazar dostlarımda şəhərin boşluğunun yaratdığı qəribə yazı təəssüratı hiss edirəm.

Zənnimcə, pandemiya dünyada köklü dəyişikliklər yaradacaq. Xüsusilə insanların mənəvi aləminə təsir edəcək. İnsanlıq sanki çox qürrələnirdi. Hər şeyi aşmış kimi davranırdı. Pandemiya göstərdi ki, insan hələ də acizdir. Sirlər tam açılmayıb. Var-dövlətin hər şeyi həll etməsi düşüncəsi artıq burada öz əhəmiyyətini itirir. Pul, elm, texnika hər şeyə qadir deyil. Mənəvi tərəflər itməməlidir. Koronavirus insanlara dünyanın faniliyini yaşatdı və hamı bərabərləşdi. Bir yazıda da qələmə almışdım ki, Bakıda çəkməçi kimi fəaliyyət göstərən bir insanla Amerika prezidenti eyni hissləri bölüşür, yaşayır. Onların eyni duyğunu yaşaması üçün başqa variant ola bilməzdi. Dindarların məntiqi ilə yanaşsaq, Tanrı sanki insanlara həddini göstərdi".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə vaxtını daha çox özünüinkişafa ayırdığını dedi: "Əsasən karantinlə bağlı və gələcəyə doğru proqnozlar verəcək qısa statuslar yazıram. Karantinə həsr olunacaq böyük əsər yazmağı düşünmürəm. Ancaq fikir verirəm ki, qələmə alanlar mövcuddur. Hər halda pandemiya insanların psixologiyasına təsir edəcək və yeni əsərlər yaranacaq. Daha çox kitab oxumaqla məşğulam. Son günlərdə təxminən 5-6 kitab oxumuşam və onların haqqında təhlillər edirəm. Bundan əlavə, filmlərdən də bəhrələnməyi unutmuram".



Gənc yazar Ayxan Ayvaz bildirdi ki, koronavirusla bağlı əsər yazaraq insanların hissləri ilə oynamaq istəmir: "Karantindən əvvəl yazmağa başladığım iki roman var idi. Biri yarıda qalmışdı. Karantin dövründə elə oldu ki, həmin romana qayıtmalı oldum. Ola bilsin ki, karantin bitənə qədər onu tamamladım.

Koronavirus bütün dünyanı əhatə edən pandemiyadır. Dünyada taun, vəba və s. xəstəlikləri nümunə deyə bilərəm ki, sonradan həmin xəstəliklərə aid əsərlər yazılıb. Zənnimcə, koronavirus bitəndən sonra "soyuq beyin"lə danışdığımız təəssüratları yazıya çevirə biləcəyik. Hər kəsin öz yaxınları üçün narahat olduğu, bir xəbər gözlədiyi vaxtda oturub koronavirus haqqında əsər yazmaq müşkül məsələdir. Sovet dönəmində belə əsərlər yazılırdı. Ancaq mən yaza bilmərəm. İçimdən gəldiyi təqdirdə yazsam belə çap etdirmərəm. Bu mənim virusdan istifadə edərək auditoriya toplamağım kimi çıxar.

Koronavirus haqqında elm adamlarının yazılar dərc etdirməsi daha qaneedicidir. Onların dedikləri bizim üçün daha önəmlidir. Belə əsərlərə iki cür baxış olur. İnformasiya almaq üçün oxuyanlar və koronavirusu yazıya alınan bir mətn kimi qəbul edənlər. İkinci qism özlərini belə aldada bilər. Fakt budur ki, virus var".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/310626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR