"İşsizlərə aylıq 190 manat müavinət təyin edilməsi üçün çox səmərəli sistem qurulub"

"İşsizlərə aylıq 190 manat müavinət təyin edilməsi üçün çox səmərəli sistem qurulub"
14:37 21 Aprel 2020
306 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin tapşırığı ilə koronavirus pandemiyası ilə bağlı insanlarımızın qarşılaşdığı çətinliklərin və sosial problemlərinin həlli ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir. İşsizlərə aylıq 190 manat müavinət təyin edilməsi üçün çox səmərəli sistem qurulub.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat vurğulayıb ki, koronavirus pandemiyası əhalini özünütəcridə məcbur edir:

"Hər bir insan ailəsi ilə evdə qalmaqla ümumbəşəri xəstəliyə qarşı mübarizəni gücləndirir. Bununla belə, nəzərə almaq lazımdır ki, əhalinin əhəmiyyətli bir hissəsi özəl sektorda işləyir və evdə olmaq məcburiyyəti onları tam və ya qismən gəlirdən məhrum edir.

Bunu nəzərə alaraq, əhalinin dövlət və ya özəl sektorda işləyən hissəsi cənab Prezidentin tapşırığına əsasən, adi dövrdə olduğu kimi, aylıq maaşla təmin edilirlər. Ümumilikdə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib".

Millət vəkili bildirib ki, ümumilikdə koronavirus pandemiyasının mənfi təsirlərinin qarşısının alınması istiqamətində ölkəmizdə çox ciddi proqramlar hazırlanıb və həyata keçirilir:

"İlkin olaraq, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu. Lakin cənab Prezident aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda bəyan etdi ki, əlavə tədbirlərlə bağlı verdiyi tapşırıqlar nəticəsində bu məbləğ 3,5 milyard manatı ötə bilər".

Deputat vurğulayıb ki, işsizlərə aylıq 190 manat müavinət təyin edilməsi üçün çox səmərəli sistem qurulub:

"Sonradan buraya müqaviləsi olmayan insanlar və onların artıq yetkinlik yaşına çatmış və işsiz olan övladları da əlavə edildi. İlk mərhələdə 200 min insan üçün nəzərdə tutulan proqram cənab Prezidentin göstərişi ilə 600 min nəfərə qaldırıldı.

Bundan başqa, aztəminatlı təbəqədən olan insanların ödənişli ali təhsil alan övladlarının təhsil haqlarının ödənilməsi üçün 40 milyon manat vəsait ayrıldı. Bu isə təqribən 20 min tələbənin təhsil haqqının ödənilməsi deməkdir".

A.Mirzəzadə əlavə edib ki, Prezidentin göstərişi ilə ictimai işlə təmin edilənlərin sayı iki dəfə artırıldı:

"Sosial işlərdə işləyənlərin sayı 100 minə çatdırıldı. Cənab Prezident vaxtaşırı hökumətlə və ya hökumətin ayrı-ayrı üzvləri ilə bu məsələnin həlli ilə bağlı geniş müzakirələr aparır. Dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah gündəlik ortaya çıxan məsələləri, o cümlədən sosial məsələləri həll edir.

Bunun nəticəsidir ki, xalqımız öz dövlətinə inanır və onu dəstəkləyir. Xəstəliyə yoluxanların sayı durmadan azalır. Artıq bir neçə gündür ki, xəstəlikdən sağalanların sayı yoluxanlardan bir neçə dəfə çoxdur. Görülən tədbirlər qısa zamanda karantinin ləğv edilməsinə, normal həyata qayıtmağımıza kömək edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/843930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR