Mədəniyyət mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi

Mədəniyyət mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi
18:28 21 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Aprelin 21-də Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə mədəniyyət mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

Publika.az xəbər verir ki, konfransa Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin məsul əməkdaşları, mədəniyyət mərkəzlərinin rəhbərləri qatılıblar.

Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova və müdir müavini Vüqar Məmmədov çıxış edərək mövcud vəziyyətdə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımları qeyd ediblər. Eyni zamanda həyata keçirilən layihələr haqqında məlumat verilib, təqdimat edilib.

Videokonfransda çıxış edən Əbülfəs Qarayev ölkəmizdə koronavirus (COVID-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, nazirliyin idarələrinin fəaliyyəti, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb.

Müasir dünyanın texnoloji imkanlardan istifadənin günün tələbinə çevrildiyini bildirən nazir mədəniyyət sahəsinin idarə olunmasında da bu yeni yanaşmaların tətbiqinin genişləndirilməsinə bir daha diqqət çəkib.

Qeyd edib ki, mədəniyyət müəssisələri tərəfindən də bu prosesə sıx uyğunlaşmaq zərurəti yaranıb. Bununla bağlı olaraq hər bir müəssisə işini texnoloji vasitələrdən istifadə etməklə onlayn platformalar üzərindən qurmaq barədə real iş aparmalıdır.

Bildirib ki, hazırda mədəniyyət mərkəzlərinin həyata keçirdiyi xidmətlərin səmərəli formada təşkili məqsədilə vahid portalın yaradılması istiqamətində iş aparılır. Sözügedən vahid portal mədəniyyət mərkəzləri və onların filialları üçün faydalı onlayn məkana çevriləcək, bu müəssisələr vasitəsilə həyata keçirilən işlərin təbliğinə və xidmətlərdən daha rahat istifadə olunmasına imkan yaradacaq.

Həmçinin bu portal vasitəsilə mədəniyyət mərkəzlərində və onların filiallarında fəaliyyət göstərən dərnəklərin və kursların onlayn formada təşkili təmin olunmalıdır.

Əbülfəs Qarayev vurğulayıb ki, xalq tətbiqi, dekorativ və təsviri sənət ustalarının əl işlərinin onlayn satışının təşkili üçün də internet portalının hazılanması ilə əlaqədar işlər aparılır. Sənətkarlar əl işləri haqqında məlumatları bu portala daxil edə, müştərilərlə əlaqə saxlaya, habelə məhsullarını sata biləcəklər. Bununla əlaqədar olaraq mədəniyyət mərkəzləri fəaliyyət göstərdiyi ərazidə olan sənətkarlarla daim əlaqə saxlamalı, onların informasiya bazasını formalaşdırmalı, həmçinin portal hazır olduqdan sonra sənətkarların bu istiqamətə cəlb edilməsi üçün təbliğat və təşviqat işləri aparmalıdırlar.

Nazir vurğulayıb ki, mədəni marşrutlar da vacib istiqamətlərdən biridir. Bu il 28-29 fevral tarixlərində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirildi. Tədbirdə Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin və Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun rəhbərliyi və ekspertləri iştirak edərək mədəniyyət mərkəzlərinə bu barədə tövsiyələr verdilər. Bununla bağlı olaraq mədəniyyət mərkəzləri müvafiq işləri həyata keçirməlidir. Ümumilikdə mədəniyyət mərkəzləri fəaliyyətində təbliğat və təşviqat məsələlərini xüsusi bir istiqamət kimi müəyyən etməli və həyata keçirməlidir.

Nazir sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Daha sonra Qaradağ rayon Qızıldaş Mədəniyyət Mərkəzinin direktoru Rüfət Mamaye, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktoru Şahin Ağayev, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev və başqaları çıxış edərək mövcud vəziyyətdə mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə bütün mədəniyyət mərkəzləri tamaşaçılar üçün bağlanıb, binalarda dezinfeksiya işləri həyata keçirilib. Mədəniyyət mərkəzləri mövcud şəraitdə öz fəaliyyətini sosial şəbəkələr üzərindən davam etdirirlər. Bu müddətdə distant dərslər keçirilib, çox sayda videoçarxlar çəkilib, musiqi nömrələri təqdim olunub.

Sonda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyəti bir daha qeyd olunub. Sosial təcrid dövründə mədəniyyət sahəsinin üzərinə düşən mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməsinin vacibliyi vurğulanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/311470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR