Yaşayış binalarına tanınmış adamların adları veriləcək? -

Paytaxtda tikilən çoxmərtəbəli binalar istifadəyə verildikdən sonra binanı inşa edən MTK-nın adı ilə tanınır. Məsələn harda yaşayırsan soruşanda, filan mtk-nın tikdiyi binada deyirlər. Amma indi təklif edilir ki, binalar istifadəyə verildikdən sonra həmin binalara ictimai xadimlərin, milli qəhrəmanların, tanınmış şəxsiyyətlərin adı verilsin, binalar elə tanınsın, elə bilinsin)

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Elnur Fərzəliyev – Ekspert: “Bu gun bizim çoxsayda ziyalılarımız var, bizim elmi xadimlərimiz var, bizim milli qəhrəmanlarımız var. Yəni Azərbaycan üçün fayda vermiş bir çox insanlar var. Düşünürəm ki, həmin insanların adının yaşadılması üçün, əbədiləşdirilməsi üçün hər bir binaya, böyük binalara, böyük komplekslərə həmin fəxri insanların adları verilsə, çox gözəl bir hal olar”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, ölkə üzrə 2000-dən artıq yeni tikili çoxmənzilli yaşayış binası var və bunun da təxminən 1500-dən çoxu Bakı və Abşerondadır. Əksər yeni tikili binalarda yaşayan sakinlərin də sayı böyük kəndlər və qəsəbələrin əhalisi qədərdir.

Elnur Fərzəliyev – Ekspert:200-300-500 mənzilli binalar var. Hətta böyük komplekslər var ki, bir kompleksdə 2000-3000 mənzil var. Burda hər məzili 2-3 sakindən hesablasaq, bir kompleksdə təxminən 10 mindən çox sakin yaşayır. Yəni belə bir addım atılarsa, çox müsbət bir hal olar. Yaxşı olar ki, hər hansı binaya ad verilərkən, həmin binanın qarşısında kiçik bir lövhə vurulsun. Həmin lövhədə həmin insanın kimliyi haqqında qısa bir məlumat yazılsın”.

Buna müsbət yanaşan bəzi MTK nümayəndələri deyir ki, bununla bağlı hər hansı bir qərar olacağı halda, təklifi dəstəkləməyə hazırdılar.

Malik Cəfərov – MTK nümayəndəsi: “Gözəl təşəbbüsdür, kim irəli sürübsə ağıllı fikirdir. Xüsusi lövhələr vurarıq, onun haqqında məlumat verərik. Həmin şəxsiyyətin kimliyi, doğulduğu tarix, həyat fəaliyəti. Orda 3 dildə də, məsələn rus, ingilis dilində lövhədə qeyd edərik. Gələn turistlər, şəhərimizin qonaqları da ətraflı məlumat almış olarlar”.

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, bunun üçün hər hansı bir qanun qəbuluna, dövlət səviyəsində qərarların verilməsinə ehtiyac yoxdur. İnsanlar özü təşəbbüs göstərməli və müvafiq addımlar atılmalıdır.

Aydın Mirzəzadə - Milli Məclisin deputatı: “Bəlkə də insanlara sadəcə olaraq çağırış etməyə ehtiyac var. Bəlkə insanlar öz təşəbbüsü ilə bunu edə bilərlər. Hər halda istənilən varinatdan istifadə etməyə dəyər. Biz hesab etməyək ki, Nizamini, Cavidi, Mirzə İbrahimovu hər kəs tanıyır. Biz tariximizi bilməli, qorumalı, təbliğ etməliyik”.

Ekspertlər hesab edir ki, bu cür təşəbbüs gerçəkləşərsə, ölkə üçün faydalı insanların adlarını həm əbədiləşdirmək olar, həm də binaların ünvanı MTK və ya MMC deyil, konkret şəxs adı ilə qeydə alınar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR