''Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil'' -

“WhatsApp” komandası 2021-ci ildə mobil proqramdan istifadə qaydalarını dəyişdirəcək. Yeni istifadə qaydaları ilə razılaşmayan istifadəçilər messencerə girişdən məhrum ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “WhatsApp” -ın gizlilik şərtlərini dəyişməsiylə bağlı gedən müzakirələrə münasibət bildirib.

Osman Gündüz deyir ki, Azərbaycandilli sosial media məkanı, media qurumları WhatsApp-la bağlı məsələni çox, ifrat dərəcədə şişirdiblər.Məsələ ilə bağlı ciddi narahatçılıq üçün əsaslar yoxdur.

''Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən WhatsApp-dan pulsuz bəhrələnirik. Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir.

Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, Facebook da, digərləri də istifadə edir. İndi də, WhatsApp-da Facebook-a məxsus olduğundan bu datalardan WhatsApp reklam məqsədilə də istifadə olunacaq. Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır

Osman Gündüz deyir ki, adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur.

''Sadəcə , düşünürəm ki, dövlət qurumlarının , böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Fikrimcə , vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik. Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Yeri gəlmişkən, hazırda Konqresdə Facebook, Google, Apple və s. ilə bağlı Hesabat hazırlanıb. Ola bilər yaxın müddətdə bu resurslar məcburən parçalansın və WhatsApp-ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun.

Odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Telegram da rus vətəndaşına məxsusdur.

Ekspert qeyd etdi ki, diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın , müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır .



''Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb.

Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin history-si , ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlimatlar nə dərəcədə qorunur? Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb.

Yəni, tutaq ki Rusiyada , kiminsə mobil nömrəsini Beeline operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billingini isə 3500-4500 rublla almaq olar. Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport stoldan əldə etmək olur. Kimsə, daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər

Fikrimcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndiriıməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR