Tədbirdə millət vəkili Elmira Axundovanın şən və hazırcavablar klubunun kapitanı, güclü intellekti ilə seçilən Anar Məmmədxanova həsr edilən "Özünlə təkbaşına olmaq" və "Heç nə üçün peşman deyiləm" adlı kitabları təqdim edilib. Bu nəşrlərdə Anarın da məqalələri yer alıb.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfəri Polad Bülbüloğlu "Parni iz Baku" komandasının yaranmasından bəhs edərək Heydər Əliyevin bu komandaya böyük yumor hissiylə yanaşdığını xatırladıb.
"Bir insanın danışığının eşidilməsi üçün əvvəla insanlar onu eşitmək istəməlidirlər. Hamı danışır. Ama heç də hamı eşidilmir. Cəmiyyətdə elə bir mövqe tutmaq lazımdır ki, səni eşitsinlər. Anar belə bir mövqe tutmuşdu".
Kitabın müəllifi E.Axundova da Anarın vətən sevgisi, siyasi və ictimai fəaliyyəti barədə qonaqlara məəlumat verib.
Komandanın keçmiş üzvləri də A.Məmmədxanovla bağlı xatirələrini bölüşüblər.
Samir Abdullayevin sözlərinə görə, məhz Anar Məmmədxanovun bacarığı, vətən sevgisi belə bir komandanı qurmağa və bu komanda ilə Azərbaycana qələbələr qazandırmağa imkan verdi. "Bir tək buna görə belə indiki gənclər Anarı unutmamalı və onu hörmətlə yad etməlidirlər".
"Bolşoy teatr"ın solisti Elçin Əzizov da keçmiş kapitan barədə danışıb. "Anarın böyüklüyü sadəcə "Parni iz Baku"nu qurmaq və gəncləri onun ətrafında birləşdirməkdən ibarət deyildi. O, həm də hər zaman yeni ideyalarla çıxış edirdi. Bu ideyalar onun çox sevdiyi Azərbaycanın iqtisadiyyatı və digər sahələri ilə də bağlı idi".