SOCAR “TEKNOFEST Azərbaycan” festivalında təmsil olunur - FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mayın 26-dan Bakıda keçirilən və sabah başa çatacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında öz stendi ilə təmsil olunur.

Metbuat.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, stend şirkətin 2035-ci ilə qədər korporativ strategiyası əsasında tərtib olunub.

Burada SOCAR-ın ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı, enerji keçidi, rəqəmsallaşma, innovasiyalar, vençur kapital sərmayələri kimi yeni üfüqlər barədə də məlumat verilir.

Stenddə Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl nümunələrindən olan “SOCAR Türkiyə” ilə bağlı da önəmli təqdimatlar yer alıb. Burada “STAR” neft emalı zavodunun və “Petkim” neft-kimya kompleksinin əraziləri “3D xəritələnmə” layihəsi ilə tam rəqəmsallaşdırılmış formada nümayiş etdirilir. Həmçinin zavodun, onun qurğularının vəziyyətini yoxlayan ağıllı texnologiyalar, xüsusi dronlar festival ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

Burada, həmçinin “SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi”nin fəaliyyət sahələri ilə bağlı məlumat təqdim olunur. Qeyd edək ki, Mərkəz 3D printerlərlə müxtəlif sənaye sahələri üçün bir sıra ehtiyat hissələri hazırlayır. Habelə ziyarətçilər stenddə katalizator analizi cihazı və digər önəmli layihələrlə də tanış olurlar.

Stenddə müasir texnologiyaları tətbiq etməklə neft və qaz hasilatının artırılması istiqamətində əldə olunan nailiyyətlər, eyni zamanda, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun, şirkətin İnformasiya texnologiyaları və rabitə idarəsinin rəqəmsallaşma ilə bağlı layihələri, SOCAR-ın enerji keçidi ilə bağlı gələcək planları barədə məlumatlar təqdim edilir.

Neft kapitalının insan kapitalına çevrilməsi məqsədinə xidmət edən Bakı Ali Neft Məktəbi və onun startap layihələri ilə bağlı təqdimatlar da SOCAR-ın stendində yer alıb.

Xatırladaq ki, 2018-ci ildən başlayaraq hər il keçirilən festival Türkiyədən kənarda ilk dəfə Azərbaycanda, “Bakı Kristal Zalı” MMC-nin və Dənizkənarı Bulvarın ərazisində təşkil olunub. “TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR