“Müzəffər Əsgərimiz” layihəsinin 17-ci buraxılışı -

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 17-ci buraxılışı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Mütəllib Serova həsr olunub.

Metbuat.az xəbər verir ki, Mütəllib Arif oğlu Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb.

2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Mütəllib Serov Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət göstərib.

Silahlı Qüvvələrin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

Mütəllib Serov oktyabrın 10-da Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Serov Mütəllib Arif oğlu ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR