Dəqiqələr ərzində səsi mətnə çevirən proqram

Azərbaycan dilində səs və videonu mətnə çevirən proqram istifadəyə verilib.

Bu barədə Metbuat.az-a Robotronics MMC-dən məlumat verilib. Yerli mütəxəssislər tərəfindən hazırlanmış, süni intellekt əsasında işləyən "Voicedocs" proqram təminatı vasitəsilə səs və videonu saatlar deyil, dəqiqələr içində mətnə çevirmək, həmçinin mətni onlayn redaktə etmək mümkündür.

Onlayn proqram təminatı kimi istifadəyə verilmiş xidmət vasitəsilə alınmış mətn "MS Word", "Text", həmçinin videolara alt yazı əlavə etməyə imkan verən "SRT" formatında endirilə bilər. Proqram istifadəçilər üçün səs, video fayllarını qulaq asaraq yazmağa nisbətən dəfələrlə daha tez və ucuz mətnə çevirmək yeni imkanlar açır.

Məsələn, həkimlər müayinə nəticələrini klaviaturada düymələri basmaq əvəzinə danışaraq daxil etmə vasitəsilə gün ərzində daha çox xəstəni müayinə edə bilirlər. Çağrı mərkəzində insanlar tərəfindən dinlənilməsi mümkün olmayan minlərlə saat səs yazısını mətnə çevirib axtarış və analitika aparmaq idarəçilərə doğru qərarlar verməyə kömək edir. Jurnalistika, elmi tədqiqat, iclasların protokollaşdırılması və digər sahələrdə çalışan insanların vaxtlarının böyük bir hissəsi səs yazılarının mətnə çevrilməsinə sərf olunur. Avtomatik transkripsiya xidməti süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir. Qeyd edək ki, Azərbaycan startapı Robotronics MMC-nin Voicedocs adlanan transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. MaxQDA və Atlas.ti kimi dünyada ən məşhur qualitativ elmi araşdırma üçün proqram məhsulları "Voicedocs" transkriptlərini import etmək imkanını dəstəkləyir.

Qeyd edilən startap həmçinin NVidia şirkətinin süni intellekt sahəsində startaplara dəstək və inkişaf proqramı olan NVidia Inception proqramının Azərbaycandan olan yeganə üzvüdür. Startap tərəfindən Azərbaycan dili üçün transkripsiya sisteminin yaradılması KOBİA tərəfindən verilmiş qrant layihəsi əsasında həyata keçirilmişdir. Sistemin yaradılması üçün aparılan elmi tədqiqatlara İdarəetmə Sistemləri İnstitutu da dəstək göstərmişdir. Qeyd edək ki, sistemi https://voicedocs.com linkinə daxil olaraq pulsuz yoxlamaq mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR