Gülnarə Xəlilovanın geyim kolleksiyası Qazaxıstanda təqdim olundu -

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer - dizayner Gülnarə Xəlilovanın kəlağayıdan yaratdığı "İpək sərvət" geyim kolleksiyası Qazaxıstanda "Aspara Fashion Week" Beynəlxalq layihəsinin onuncu mövsümü çərçivəsində təqdim olundu.

Metbuat.az xəbər verir ki, "İpək sərvət" layihəsi "Azerbaijan Kelagayi" Milli Brendi ilə birgə reallaşdırılıb.

"İpək sərvət" dəfiləsi Taraz şəhərinin "Көне Taraz" etnomədəni kompleksinin "Şahristan" sərgi pavilyonunda baş tutdu və çox maraq ilə qarşılandı. Moda Həftəsi "Taraz-sənətkarlar şəhəri" Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim olundu.Tədbirdə İtaliya, Almaniya, Polşa, Türkiyə, Çexiya, Çin, Rusiya, Fransa, Bolqarıstan, Hindistan, Ukrayna, Niderland, Qırğızıstan, Tailand, Qazaxıstan və Özbəkistandan tanınmış dizaynerlər iştirak ediblər.

Ekspozisiyada həmçinin "Cizgi by Gulnara Khalilova"-dan Qarabağ və Xarıbülbülün çiçəyi milli naxışlarla ipək yaylıqlar və libaslar, araxçınlar, müxtəlif aksesuarlar təqdim olundu. Dizayner "Aspara Fashion Həftəsi" və "Taraz – sənətkarlar şəhəri" Beynəlxalq sərgisində iştirakına görə Taraz şəhəri Akimatından iki diplomla təltif olunmuşdur.

2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən biri olan Aydarxan Kaliyev tərəfindən yaradılmış "Aspara Fashion Week" bu il "Mədəniyyətlərin dialoqu" devizi altında keçiridi. Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR