Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov MirSaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Bu barədə Metbuat.az-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Məlumata görə, fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.