Ermənilərin Azərbaycan torpaqlarındakı vandallığına UNESCO susur -

Son günlər radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktları törədən ermənilərin bu, ilk belə hərəkəti deyil. Azərbaycan irsinin məhv edilməsi siyasətinə isə dünya hələ də susur. Buna elə UNESCO missiyasının səfərinin hələ də baş tutmamasını misal göstərə bilərik. UNESCO niyə susur?

Milli Məclisin deputatı Əziz Ələkbərov Metbuat.az-a bildirir ki, dünya ermənilərin etdiyi vəhşiliklərdən xəbərdardır, lakin özünü korluğa vurur:
"Mən ermənilərin torpaqlarımızdakı vandallıqlarından təkcə bizim xəbərdar olmağımız, dünyanın isə hələ də xəbərsiz olması fikri ilə razı deyiləm. Elə olsaydı, dünya leksikonuna "erməni xəstəliyi" deyilən bir anlayış daxil olmazdı. Ümumiyyətlə, ermənilərin tarix boyu törətdiyi vəhşiliklər, alçaqlıqlar barədə dünyanın müxtəlif xalqlarının tarixi şəxsiyyətləri bir çox düşündürücü fikirlər söyləyiblər. Həmin fikirlərdə ermənilər dünyanın ən yaramaz, əxlaqsız, riyakar, xəyanətkar milləti kimi xarakterizə olunublar. İndi dünya özünü elə aparır ki, guya erməniləri tanımır, guya regionda baş verən hadisələrdən bir o qədər xəbərdar deyil. Şair demişkən, "kimi aldadırsan, a zalım oğlu?". Kosmosdan avtomobillərin nömrəsini oxuyan, necə deyərlər, toyuğun altında yumurtaları sayan supergüclər necə olur ki, ermənilərin yerlə-yeksan etdiyi kəndləri, şəhərləri görmür, kütləvi qətl və qarətlərdən xəbərsizdir? Görür, sadəcə özünü korluğa vurur. Fransa prezidenti Makron kimi iki ayağını bir başmağa soxub deyir: "dədəm də ermənidir, anam da".

O ki qaldı son günlər azərbaycanlılara məxsus qəbirlərin ermənilər tərəfindən dağıdılması barədə yayılan videolara, bu, nə birinci faktdır, nə də sonuncu. Ermənilərin 30 il işğal altında saxladıqları ərazilərimizdə qəbirlərimizə qarşı törətdikləri vandallıqları bu torpaqlar işğaldan azad edildikdən sonra əyani şəkildə gördük, dünya da gördü. Nə dəyişdi? 100 il bundan əvvəl qondarma erməni soyqırımına göz yaşları axıdan ABŞ Konqresinin Aşağı Palatasının 82 yaşlı sədri Nensi Pelosinin kirpikləri nəmləndimi? Halbuki illərdir haray çəkirik ki, Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində təkcə 1988-1991-ci illər deportasiyası zamanı düşmən işğalı altında 500-dən artıq qəbiristanlığımız qaldı və bu gün o qəbiristanlıqların 90 faizi erməni vandalları tərəfindən yer üzündən silinib, əksəriyyəti vəhşicəsinə şumlanaraq əkin sahələrinə çevrilib. Lakin təəssüf ki, UNESCO-ya bu barədə dəfələrlə müraciət olunsa da, təkidlə yaxasını qırağa çəkir, erməni vandallıqlarını etiraf etməkdən imtina edir".

Qərbi Azərbaycan uğrunda mübarizə Qarabağ mübarizəsinin tərkib hissəsidir” - Əziz Ələkbərov

Əziz Ələkbərov

Deputat qeyd edir ki, bu məsələdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diaspora Komitəsi fəallıq göstərməlidir. Ermənilərin xalqımıza qarşı törətdiyi bütün vəhşilikləri faktlarla masa üzərinə qoyulmalıdır:

"Son 200 ildə ermənilərin xalqımıza qarşı törətdiyi bütün vəhşilikləri faktlarla, sənədlərlə sübut edib masa üzərinə qoymalıyıq. Bu həqiqətləri əvvəlcə öz xalqımıza, yetişən nəsillərimizə öyrətməliyik, çünki düşmənini tanıyan bir millətə heç bir qara qüvvə qalib gələ bilməz. Bu məsələdə hər bir qurumun və hər bir vətəndaşın üzərinə tarixi vəzifə düşür. Xüsusilə, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi bütün gücünü səfərbərliyə almalıdır. Sonra da bu həqiqətləri yorulmadan dünyanın hər tərəfində təbliğ etməliyik. Bu işdə isə Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin üzərinə xüsusi yük düşür. Bir də yaddan çıxarmamalıyıq ki, erməni elə bir millətdir ki, ona güzəşt etdikcə qudurur!".

Politoloq İlyas Hüseynov bildirir ki, UNESCO qərəzli mövqe nümayiş etdirir:

"30 illik işğal dövründə ermənilər abidələrimizi, qəbirlərimizi, mədəniyyətimizi məhv ediblər və ərazidə genişmiqyaslı ekosit və urbisid həyata keçirilib. Şəhərlərimiz tamamilə dağıdılıb və burada milli, dini irsimiz də yer üzündən silinib. Məscidlər təhqir olunub, burada inək və donuz saxlanılıb, islam dəyərləri ləkələnib. Belə olan fonda mədəniyyət abidələrinin qorunması istiqamətində ixtisaslaşmış BMT-nin qurumu UNESCO vaxtaşırı qərəzli mövqe nümayiş etdirir, eyni zamanda regiona onların missiyasının göndərilməsi gözlənilsə də, bu missiya da hələ gəlməyib. Azərbaycan tərəfi həm də onu tələb edir ki, Ermənistan ərazisində də türk müsəlman irsinə aid olan abidələrin dağıdılması istiqamətində monitorinq həyata keçirilsin və müəyyən olunsun ki, ermənilər 30 illik dövr ərzində nə qədər barbarlıq və vandalizm hərəkətlərini icra ediblər”.

Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

İlyas Hüseynov

Politoloqun sözlərinə görə, mədəniyyəti dağıdan da, əraziləri minalayan da Ermənistandır, amma heç bir qurum, dövlət buna etiraz etmir:

"Digər tərəfdən abidələrə qarşı soyqırımın həyata keçirilməsi Ermənistan tərəfindən tarixi köklərə malikdir və bu fəaliyyəti onlar artıq uzun müddətdir ki, icra edirlər. Tarixi saxtalaşdırırlar, özgəninkiləşdirirlər və bunu həm də sonra təbliğ edirlər. Eyni zamanda, biz Fransa timsalında və digər dövlətlərin nümunəsində Qarabağda və Şərqi Zəngəzurda guya xristian abidələrinin dağıdılması ilə bağlı çox qərəzli yanaşmanı müşahidə edirik. Bu, ikili standartların nümunəsidir. Çünki dağıntılara məruz qalan Azərbaycan şəhərləridir, məskənləridir, Azərbaycan torpaqlarıdır. Ərazilərin minalanmasını həyata keçirən Ermənistan tərəfidir. Lakin Ermənistana heç bir dövlət, heç bir beynəlxalq qurum irad bildirmir və Azərbaycan tərəfi təzminat almır. Beynəlxalq hüquqa görə bu cür cinayət əməlləri qarşı tərəfin təzminat ödənilməsi ilə nəticələnməlidir. Lakin biz bu yanaşmanı da müşahidə eləmirik və postmüharibə reallıqlarında Avropa Insan Hüquqları Məhkəməsinə, Beynəlxalq Ədalət Məhkəməsinə də Azərbaycan müraciət edib. Lakin bu müraciətlər həm də abidələrimizin və mədəniyyətimizin dağıdılması fonunda da ünvanlanmalıdır. Düşünürəm ki, bu məsələyə UNESCO da çox ciddi yanaşmalıdır və bu missiya nəinki Azərbaycan ərazisində, eyni zamanda Ermənistan ərazisində icra olunmalıdır, çox dəqiq, müfəssəl məlumatlar və hesabatlar hazırlanmalıdır ki, bunun regional sülhə bir töhfəsi olsun".

Gülər Seymurqızı

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR