İran PUA-ları nələri dəyişə bilər?

Ukrayna-Rusiya müharibəsində Rusiyanın istifadə etdiyi müxtəlif məqsədlərə xidmət edən iki növ İran istehsalı olan pilotsuz təyyarələr var. “Shahed-136”-lar nisbətən böyük və ucuz kamikadze dronlardır. Bu dronlar uçuşdan əvvəl daxil edilən GPS koordinatı ilə təyinat yerinə çatırlar. Bunlar Rusiyanın Ukraynada ən çox istifadə etdiyi modellərdir. Digər model isə "Mühacir-6"-dır. Bəzi xarici mütəxəssislər düşünürlər ki, bu PUA-ları Rusiya İrandan Türkiyənin “Bayraktar TB-2”-lərinə cavab olaraq alıb. Bu zaman belə bir sual meydana çıxır. Döyüş meydanında İran istehsalı PUA-lar nə dərəcə özünü doğruldur? Ümumiyyətlə İran PUA-ları effektiv ola bilirmi?

Metbuat.az xəbər verir ki, Hərbi Ekspert Ədalət Verdiyev bildirdi ki, İran PUA-ları tam müasir və geniş imkanlara malik vasitələr olmasalar da, istənilən halda döyüş tətbiqi üçün yararlı hesab olunur və zərbə funksiyalarını yerinə yetirə bilir: “İran əsasən öz PUA-larını Livya da, Suriyada, İraqda, Yəməndə davam edən hərbi əməliyyatlar zamanı vurulan qərb PUA-ların bazasında hazırlayıb. İran PUA-larının effektivliyi və dəqiqliyi sual altındadır. Shahed PUA-ları 1000 km-ə qədər məsafəyə 50kq –lıq böyük başlığın çatdırılması hər bir halda müəyyən zərbə potensialına malik olduğunu deməyə əsas verir”.

Ekspert onu da söylədi ki, bu PUA və roketlərin Rusiyaya verilməsi İrana qarşı ABŞ sanksiyalarını daha da gücləndirə bilər: “Xatırladıram ki, az əvvəl Ermənistanın da İran PUA-larının idarə edilməsinin tətbiqi barədə erməni zabitlərinin İranda hazırlıq kurslarına cəlb olunması da məlum idi. Düşünürəm ki, ABŞ sanksiyalar tətbiq edərsə bu sanksiyalar həm İranı, həm Rusiyanı həm də Ermənistanı əhatə edə bilər”.

Hərbi ekspert Emin Həsənli isə düşünür ki, rəsmi Moskvanın İrandan PUA alması Rusiyanın nüfuzuna ciddi zərbə vurur:
“Müharibələr zamanı tək müharibə aparan tərəfin yox, eyni zamanda onlara silah verən ölkələrində hərbi gücü, potensialı, hərbi sənaye kompleksi reklam olur, belə desək, sınaqdan çıxır. Bu müharibədə həm Rusiya ordusunun imicinə həm də hərbi sənaye kompleksinə ciddi zərbə dəydi. Bu zərbə İkinci Qarabağ Müharibəsində Rusiya silahının məğlubiyyətə uğramasından bəlli olur. İndi isə Ukrayna cəbhəsində böyük məğlubiyyətə uğrayır. Düşünürəm ki, İran PUA-ları da burada istənilən effekti verməyəcək. İkinci Qarabağ Müharibəsində Türkiyənin “Bayraktar”ı sınaqdan üzü ağ çıxdı, böyük uğur qazandı və dünyanın bir çox ölkələri artıq “Bayraktar”ı almağı üstün bilirlər. O cümlədən Ukrayna tərəfi də. İlk dəfədir ki, iranın PUA-ları bu müharibədə geniş istifadə edilmişdir”.

Ekspert onu da söylədi ki, İran PUA-sı bundan öncə Suriya müharibəsində də istifadə edilmişdi. Ancaq Rusiya-Ukrayna müharibəsində istifadə edilməsi daha çox diqqət çəkir. Onların fikrincə, İran PUA-sı nə Türkiyənin “Bayraktar”ı, nə də İsrailin “Harop”u qədər uğurlu olmayacaq. Ancaq bütün bunlara baxmayaraq, Ukrayna ilə müharibədə Rusiyanın döyüş potensialının bərpa olunmasında kifayət qədər ciddi rol oynaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR