Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Səfərova vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.
Qeyd edək ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olmuşdur. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. “Mosfilm” kinostudiyasında "Əbədi təkanverici qüvvə" (1979), “Oğul” (1982) bədii filmlərini lentə almışdır. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986); “Azərbaycanfilm” kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii; “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri lentə almışdır. Leyla Səfərovanın ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri yaradılmışdır.
2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü.