Sərhəddə "dinc" dayanmayan Ermənistan:

Ermənistan son günlər yenidən atəşkəsi pozaraq Füzuli, Şuşa, Xocavənd, Tərtər, Kəlbəcər, Daşkəsən və Xocalı kimi ərazilərimizi atəşə tutur.

44 gün ərzində biabırçı bir məğlubiyyətdən sonra Ermənistanı bu qədər "cəsarətləndirənlər" kimdir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Metbuat.az-a bildirdi ki, normal bir qonşularla münaqişədən sonra əslində proseslər başqa istiqamətdə getməli idi, amma hazırda bu proseslərin əksi yaşanır. Həmçinin regionda sözdə sülhün önəmindən danışan, lakin əsl niyyətlərini gizlədən bəzi ölkələrin Ermənistana verdiyi sifarişlər də vəziyyətin çətinləşməsinə gətirib çıxarır:

"44 günlük Vətən müharibəsində qələbəmizdən sonra haqq-ədalət öz yerini tapdı. Azərbaycanın qələbəsindən sonra artıq qonşuluq siyasəti önə çəkilməli idi. Sərhədlərimizi, ərazi bütövlüyümüzü tanıyıb, həm də sülh müqaviləsini bağlayaraq regionun çiçəklənməsində, nəzərdə tutulan proyektlərin həyata keçirilməsində xidmət edən işlərlə məşğul olmalıydıq. Biz edirik, amma bədnam qonşularımız - ermənilər heç vaxt müstəqil olmayaraq sifarişçilərin, havadarların əllərində alətə çevriliblər. Bununla da gələn sifarişləri yerinə yetirməli olurlar və əlbəttə, bu sifarişlər heç də Azərbaycanın maraqlarına uyğun gəlmir. Bunlar regionda sabit sülhə yox, yenə də müəyyən bir vəziyyətin gərginləşməsinə və alovlanmasına gətirib çıxara biləcək sifarişlərdir. Ermənistan yenə də öz yanaşmasını, məhz sülh müqaviləsinin bağlanmaması, demilitasiya və demarkasiya məsələlərinin həyata keçirməmək üçün atəşkəsi pozaraq bundan boyun qaçırır.

Artıq regionda sabitliyə maraqlı və maraqsız olan dövlətlər də bəllidir. Təəssüflər olsun ki, həm bizim strateji qonşumuz olan Rusiya, həm Fransa, həm İran, həm də ABŞ regionda sülhün bərqərar edilməsində, sülhün qorunmasında yox, Ermənistana müəyyən bir vədlər verərək öz çirkin siyasətlərini, maraqlarını ortaya qoyurlar. Soçidəki görüşdə də Ermənistan tərəfdən Paşinyanın Rusiya sülhməramlı qüvvələrin vaxtının uzadılması ilə bağlı fikirlər səsləndirməsi məhz Paşinyanın dili ilə Rusiyanın burada olan maraqlarından xəbər verir. Digər tərəfdən, Fransa Senatının müəyyən bir qərarlar qəbul etməsi, çağırışlar etməsi, Azərbaycana hətta müəyyən şərtlər qoyması, İranın da Azərbaycana olan münasibətləri bunu göstərir ki, bu dövlətlərin prinsip cəhətdən maraqları gərginliyin saxlanmasıdır".

Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində  düşmənin itkiləri daha çoxdur - AZƏRTAC

Ekspert deyir ki, məhz bu səbəblərdən sərhəddə atəşkəs pozulur:

"Bu gün istər sülhməramlı qüvvələrin müvəqqəti yerləşən ərazidə, istər dövlət sərhəddində (hələ ki, tanınmamış) atəşkəsin pozulmasının, intensivliyinin artması məhz bu faktorların təsirinin nəticəsidir. Biz indiyə kimi daha çox sərhəddə olan atəşkəsin pozulması ilə bağlı müəyyən bir fikirlər söyləyirdik. Hətta bu pozulmalar sülhməramlıların müvəqqəti yerləşdiiyi ərazilərdən də qeydə alınır. Siyasətçilər müəyyən təhlillər aparır. Vardanyanın Qarabağda peyda olması, Ermənistanda gedən proseslər atəşkəsin pozulmasına şərait yaradan amillər, həm də təsirlərdir. Əlbəttə, burada məqsəd birinci növbədə Cənubi Qafqazda Azərbaycan- Ermənistan fonunda gərginliyi saxlamaq və müəyyən bir dövlətlərin öz maraqlarını, çirkin niyyətlərini burada əldə etməkdir. Digər tərəfdən geosiyasi arenada Rusiyaya qarşı olan ölkələr - Qərb və ABŞ başda olmaqla Rusiyanın burada təsirini azaltmaq üçün Ermənistanı müəyyən bir şəkildə öz tərəflərinə çəkərək vədlər verirlər".

Bu gün həm də KTMT-nın iclası var. Ermənistan bundan da istifadə edir. Ermənistanın KTMT-ni də münaqişəyə cəlb etməsi ermənilərin arzularıdır:

"Ermənilərin digər hiyləgərliyi məhz KTMT-nin nümayəndələri burada olan zaman bu münaqişəni beynəlxalq qurumlara, beynəlxalq ermənipərəst qüvvələrə çıxartmaqdır. Atəşkəsin pozulmasının intensivliyini qoruyaraq gözləyirlər ki, Azərbaycan adekvat addım atsın, hansısa hərəkətə keçsin. Ya da Azərbaycan Ordusunun sülhməramlılarla toqquşma ehtimalını istəyirlər. Bu da Azərbaycan-Rusiya əlaqələrinə müsbət təsir göstərməyəcək. KTMT- nin burada olmasından istifadə edərək məhz onları müəyyən bir şəkildə bu prosesə cəlb etmək köhnədən ermənilərin arzusudur".

Vəziyyətin gərgin olduğunu qeyd edən ehtiyatda olan polkovnik ordumuzun müharibədən sonra yenidən gücləndirilməsinə də xüsusi diqqət çəkdi:

"Əlbəttə, vəziyyət olduqca gərgindir. Düşünürəm ki, Ali Baş Komandan bu gərginliyi əvvəlcədən müəyyən edib. Prezident Azərbaycan Ordusununun qələbədən sonra qısa bir zamanda silah təminatı ilə bilavasitə məşğul olaraq ordunu Türkiyə modelinə uyğun inkişaf etidirir. Ordumuz öz ərazilərimizi, torpaqlarımızı qorumaq üçün və hər hansı bir əməliyyat keçirtmək üçün hazır və qadirdir. Bu gün komando kimi hərbi hissələrin yaradılması, xüsusi təyinatlı hərbi hissələrin artırılması və digər addımlar, əlbəttə, bunu göstərir ki, Azərbaycan məhz bütün ordu inkişafını, həm ərazi bütövlüyünü qorumağı, həm də ki, sülhün burada qorumaq üçün, belə deyək, bir güc mərkəzidir. Burada qardaş Türkiyənin də Azərbaycanın yanında olmasını, dəstəkləməsini xüsusi vurğulamalıyam".

Ermənistanın təxribatlarına cavab verən ordumuzun Ali Baş Komandanın hər hansı bir əmrini yerinə yetirməyə yetirməyə hazır olduğunu vurğulayan hərbi ekspert qeyd etdi ki, əmr olarsa, istər antiterror əməliyyatı kimi bir əməliyyat, ya da ki, hansısa digər əməliyyatların həyata keçirilməsi istisna olunmur.

"Düşünürəm ki, bundan sonra da cənab Prezident bu vəziyyəti çox yaxşı təhlil edir və bütün prosesləri nəzarət altında saxlayır. Azərbaycan Ordusu əməliyyat şəraitini daim nəzarət altında saxlayır. Ehtiyac, əmr olarsa, Azərbaycan Ordusu öz sözünü deyəcək. Ona görə də bütün cavab tədbirləri görülür və bundan sonra da görüləcək. İlin sonuna, ola bilsin ki, sülh müqaviləsi bağlanması üçün Ermənistanı məcbur edə biləcəyik. Sonrakı proseslər isə Ermənistanın mövqeyindən asılıdır. Ona görə də düşünürəm ki, Azərbaycan əlindən gələni həmişə edib, edir və bundan sonra da edəcək. Azərbaycan Ordusu da Azərbaycan maraqlarını, torpaqlarını, xalqını qoruyur və bundan sonra da qorumağa qadirdir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR