Rep musiqisini sevənlərə xoş müjdəmiz var. ANS PRESS-in məlumatına görə, repçi RG (Anar) iyunun 6-da Bakı Biznes Mərkəzində “#Dəlikonsert” adlı solo proqramla çıxış edəcək.

“MadHouse Community”nin baş prodüsseri Muzzi Bacdafucupun sözlərinə görə, konsertin keçirilməsində məqsəd həm də repçinin iki hissədən ibarət yeni “Madrassa” adlı albomunun təqdimatı ilə bağlıdır.

Albomda təqdim edilən treklər Azərbaycanın klassik, retro musiqisi, xalq mahnıları ilə sintez olunub. Alim Qasımov, Oqtay Ağayev, Hacıbaba Hüseynovun ifasında mahnı və muğamlar, həmçinin Emin Sabitoğlu və digərlərinin bəstələrinə sintez edilmiş bütün treklərdə Azərbaycan milli alətləri və musiqisi istifadə olunub.
Konsert xüsusi şou və səhnə tərtibatı “Ledaz”ın təşkilati dəstəyi ilə təmin olunub.

Qonaqlar sırasında Elşad Xose, Okaberi, DJ Ed, albomun musiqi tərtibatçısı (prodüssinq) Nadir Nəğd Pul, Timon, Cəza22, Orxan Qarabasma, Şair Əli Xəyyam və bir sıra tanınmışlar olacaq. Köməkçi MC isə Saybu Svag olacaq.

Muzzi Bacdafucupun sözlərinə görə, Azərbaycan repində belə böyük həcmli konsert 2012-ci martın 4-də Bakı Dəniz Vağzalında “HOST” qrupunun çıxışı zamanı olub.
Belə ki, konserti izləməyə 2500 tamaşaçı gəlib. “#Dəlikonsert”ə də 1500 tamaçının gələcəyi təxmin edilir.

Qeyd edək ki, bu RG-nin (Anar) solo olaraq sayca ikinci, ümumillikdə isə üçüncü albomudur. İfaçı ilk debüt konsertini 2011-ci il mayın 29-da Qaraqanla (Elxan Zeynallı) birlikdə edib.
Biletləri “Art's Cool Gallery & Tavern”-dən (Asəf Zeynallı, 57 (Qız Qalasının yanı) ala bilərsiniz. Əlavə məlumat üçün isə (+994 55) 698 5560 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Konsert 17:00-da başlayacaq.



Bakıda “#Dəli konsert” olacaq (VİDEO,FOTO)