"TikTok" rəsmilərinin Azərbaycana səfəri niyə gizli saxlanılır?

"Ölkəmizdə 3 milyonluq auditoriyaya sahib olan bu sosial platforma Azərbaycanın rəqəmsal bazarına maraq göstərir".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, ölkəmizə gələn "TikTok" rəsmi ilə görüş barəsində məsələlər əhali ilə paylaşılmalıdır. "İnformasiya əldə etmək haqqında" qanun bunu tələb edir:

"Son zamanlarda iki dəfə geniş komanda ilə ölkəmizə səfər edən "TikTok" rəsmiləri bildiyim qədər RİNN, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, İNNOLAND, İçərişəhər Dövlət Qoruğu və s.qurumlarla və özəl sektorla, ekspertlərlə görüşüb.( Siyahı genişdir, yanlışlıq da ola bilər). Düşünürəm ki, "TikTok"un biznes və tanıtım, marketinq və s. faydalı tərəfləri ilə yanaşı təhlükəsizlik tərəfi də var. Çox təəssüf edirəm ki, "TikTok" rəsmiləri ilə görüşən bizim dövlət qurumları çox "xəsislik" edirlər. Müzakirə mövzularını , ictimai məlumatları paylaşmırlar. Hətta elə dövlət qurumları var ki, onlar da bu haqda məlumatları bizdən axtarırlar. Bu, doğru bir yanaşma deyil.

Gərək dövlət qurumları görüşlə bağlı, müzakirə olunan məsələlərlə bağlı, perspektivlə bağlı ictimai informasiyaları açıqlasınlar. Ən azı "İnformasiya əldə etmək haqqında" qanun bunu tələb edir. Fərqində olmaq lazımdır ki, bu tip informasiyalar müxtəlif təbəqələrə, vətəndaşlarımıza və sahibkarlara, ictimai sektora daha düzgün qərarlar qəbul etməyə , işləri və biznesi daha yaxşı və ağlabatan formada planlamağa kömək ola bilərdi", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR