1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçməyib. 1938-ci ilin bu günündə, 29 yaşında Müşfiq işgəncələrə məruz qalaraq öldürülüb.
Metbuat.az xatırladır ki, Müşfiq 1908-ci il iyun ayının 5-də Bakıda anadan olub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından biri olub. Müşfiq uşaq ikən valideynlərini itirdiyi üçün qohumlarının-nənəsi və dayısının- himayəsində böyüyür. Mikayıl Müşviqin şair kimi böyüməsində nənəsi Qızqayıt xanımın böyük rolu olub.
İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun (universitetinin) dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub.
Şair "Müsavat gənclər təşkilatı" ilə əlaqələr saxlaması və hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilib. Amansız repressiya dövründə Mikayıl Müşfiqi həbs edənlər və evində axtarış aparanlar Dövlət Təhlükəsizliyi İdarəsinin əməkdaşları M. Mustafayev, N. Petrunin və MİK-nin (Mərkəzi İcraiyyə Komitəsi) sədri Şevçenko idi. Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, başqa nəşrdən olan 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet, əlyazmalar və digər əşyalar müsadirə olunub. Müsadirə olunmuş əşyalar 13 oktyabr 1937-ci ildə yandırılıb. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilib.
Həbsdə olarkən şairə işgəncələr verilib. Əvvəlcə əl və ayaq dırnaqları çıxardılıb, daha sonra onu quyusu olan xüsusi kamerada iki gün qurşağacan içində siçovullar olan suda saxlayıblar. İki gecə yatmayandan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur ediblər.
1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-sında şair Nargin adasında güllələnib.
Sovet rejimi təkcə ziyalıları deyil, onların ailə üzvlərini də cəzalandırıb. Belə ki, şairin böyük bacısı Böyükxanımı tutmağa gələndə o, üç litrlik nefti başına tökərək özünü yandırıb.
Mikayıl Müşfiqin poeziyası olduqca zəngindir. Onun "Yenə o bağ olaydı", "Oxu, tar", "Sevgilər", "Həyat sevgisi" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.