Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlanacaq -

“2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir ki, Azərbaycan Silahlı Qüvvələrinin və Müdafiə Sənayesi Kompleksinin fəaliyyəti, ümumiyyətlə, onun hazırkı vəziyyəti, gələcək perspektivləri haqqında bir sıra mühüm məqamlara toxundu. Hesab edirəm ki, Prezidentin açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı çox mühüm məqamlar öz əksini tapıb”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib. Müsahibimiz bildirdi ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan ordusunun daha peşəkar səviyyəyə qaldırılması, yəni yerüstü əməliyyatların həyata keçirilməsi üçün piyada qoşun növlərinin peşəkar hərbi birləşmə səviyyəsinə tam olaraq çatdırılması, şəxsi heyətin bu istiqamətdə artırılması ilə bağlı mühüm ismarışlarını verdi.


Ramil Məmmədli

“Qeyd edim ki, ölkə başçısı Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin “Dəniz pişikləri” SAS və SAT xüsusi təyinatlılarının, həmçinin Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı dəstəsinin, Daxili Qoşunların analoji bölməsinin və digər güc strukturlarının aidiyyatı bölmələr, şəxsi heyətinin artırılmasını xüsusi bir məqam kimi qeyd edib. Bu açıqlama həm Azərbaycan xalqına, həm düşmənlərimizə, həm də dostlarımıza yönələn bir ismarış idi. Prezidentimiz müsahibəsi zamanı qeyd etdiyi fikirləri ilə Ermənistana və onun havadarlarına xatırladıb ki, Azərbaycan ordusu peşəkardır və peşəkarlığını daha da yüksəldib gücləndirir. Həqiqətən də bu gün Azərbaycan ordusunun maddi texniki imkanı, şəxsi heyətin döyüş hazırlığı, peşəkarlığı, hərbi texnoloji sahədə fəaliyyət göstərən mütəxəssislərin, ordu mütəxəssislərinin bacarığı Azərbaycan ordusunun imkanlarını daha da genişləndirir. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə imkanlarını yüksək qiymətləndirmək lazımdır”.

Müdafiə sənayesi kompleksi ilə bağlı da bir neçə məqamları xüsusilə qeyd edən Ramil Məmmədli bildirdi ki, Prezidentimiz doğru, dəqiq olaraq dünya silah ticarəti, müdafiə sənayesi məhsullarının ticarəti sahəsindəki hazırkı durumu təhlil edərək Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlandığını açıqladı.

“İlham Əliyev vurğuladı ki, bu, eyni zamanda, ixracyönümlü sənaye olacaqdır. Bildiyiniz kimi, hazırda dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Azərbaycan sovet hərbi müdafiə sənayesi kompleksinin elmi nəzəri bazası əsasında hazırlanan məhsulların istehsalı sahəsində ixtisaslaşmış ölkə olaraq bu bazara girmək, mühüm mövqe tutmaq imkanına malikdir. İlham Əliyev qeyd etdi ki, ölkəmiz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilər. Hesab edirəm ki, Prezidentin bu sözləri Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün ciddi mesajdır və Azərbaycanın bu sahədə məhsullarının sayının artırılması, ixracın böyüdülməsi üçün önəmli işlər görüləcək. Dövlətin mühüm strukturları da müdafiə sənayesi kompleksinin inkişafı üçün öz töhfəsini verəcəklər. Bu çıxışda, ümumiyyətlə, fikirlərdə çox mühüm məqamlar var idi. Təbii ki, hesab edirəm, bu həm də Azərbaycan Silahlı Qüvvələri, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Sənayesi Kompleksi üçün yeni yolların yeni imkanların açılmasına töhfə verəcək”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Azərbaycan yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilər.

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

Ədalət Verdiyev

“Artıq biz bunu hədəf bilib, məqsədə doğru gedirik. Konkret olaraq müqavilələrin kiminlə bağlandığı məlum olmasa da, Azərbaycanın bəzi zərbə tipli kamikadze PUA-larını, snayper silahlarını, avtomatik silahları, uzunmənzilli anti-material silahları və bəzi sursat növlərini ixrac etdiyini ehtimal etmək olar. Qeyd edim ki, əsas burada Azərbaycanın bu gün üçün silah ixracatçısı olan ölkələrdən birinə çevrilmək üzrə olduğunu bilməkdir. Azərbaycanın Türkiyə ilə bu sahədə potensiallarını inteqrasiya edə bilər. Nəticədə müdafiə sənayemizə qoyulan böyük vəsaitlər yaxın gələcəkdə geri qayıdacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR