“Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” mövzusunda tədbir

“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, 50-dən çox gəncin iştirakı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyev, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz həyatını Azərbaycanın əbədi müstəqilliyi, eləcə də, xalqımızın rifahına həsr edib. Hazırda ölkəmizdə həyata keçirilən müasir mədəniyyət siyasətinin də məhz Ümummilli Liderin adı ilə bağlı olduğu tədbir müddətində vurğulanıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova çıxışı zamanı rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri, habelə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin həyata keçirdiyi tədbir və layihələr haqqında geniş təqdimatla çıxış edib. Həyata keçirilən tədbirin gənclərin ölkəmizin musiqi mədəniyyəti ilə yaxından tanışlığı nöqteyi-nəzərdən olduqca önəmli olduğunu vurğulayan Alla Bayramova “İRƏLİ” İctimai Birliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, təşkilatın çoxşaxəli fəaliyyətində uğurlar arzu edib.

Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev, teatrın solistləri – əməkdar artist İnarə Babayeva və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə panel müzakirə formatında çıxış ediblər. Müzakirələr zamanı natiqlər Ümummilli Liderin mədəniyyət sahəsinə olan diqqət və qayğısı, habelə indiyədək istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işləri qeyd ediblər. Çıxışçılar hazırda Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınmasının Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsi olduğunu bildiriblər.

Tədbir müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə gənclərin iştirakçılığı ilə mədəniyyətin bir sıra istiqamətləri üzrə yaradıcı ideya bankının formalaşdırılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı